Ermənistanda iyul ayı ilə bağlı açıqlanan son proqnozlar diqqət çəkib. “HayHydromet” Milli Hidrometeorologiya Mərkəzinin direktor müavini Qaqik Surenyan bildirib ki, ölkə ərazisində iyul ayında yağıntıların miqdarı normadan çox gözlənilir.
Ermənistandakı bu proqnozlar regionun digər ölkələri, o cümlədən Azərbaycan üçün də müəyyən siqnal sayıla bilərmi? Ölkəmizdə də iyul ayında yağıntıların artması və qeyri-sabit hava şəraitinin müşahidə olunacağı gözlənilirmi?
Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, Ermənistan üçün verilən proqnozlar regionda atmosfer proseslərinin daha fəal olacağına işarə edə bilər:
“Lakin bu, eyni şəraitin avtomatik olaraq Azərbaycanda da müşahidə olunacağı anlamına gəlmir. Cənubi Qafqaz ölkələri oxşar sinoptik proseslərin təsiri altında olsa da, relyef və yerli iqlim xüsusiyyətləri hava şəraitinin fərqli formalaşmasına səbəb olur. Azərbaycanda iyul ayı adətən ilin ən isti və nisbətən quraq dövrlərindən hesab olunur”.
İradə Həsənova
Ekoloq bildirib ki, son illərdə iqlim dəyişikliklərinin təsiri ilə yay aylarında qısamüddətli, lakin intensiv leysanlar, dolu və güclü küləklərlə müşayiət olunan qeyri-sabit hava hadisələrinin sayı artıb:
“Xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntıların normadan artıq düşməsi ehtimalı istisna edilmir. Ermənistan üzrə verilən proqnozlar Azərbaycan üçün müəyyən siqnal sayılsa da, ölkəmizdə iyulun necə keçəcəyini dəqiq qiymətləndirmək üçün Milli Hidrometeorologiya Xidmətinin aylıq və mövsümi məlumatlarına istinad etmək daha məqsədəuyğundur. Ümumilikdə isə iyul ayında yüksək temperatur fonunda ayrı-ayrı günlərdə qeyri-sabit hava şəraiti və lokal leysan yağışlarının müşahidə olunması ehtimalı mövcuddur”.
Ləman İmran
Globalinfo.az