Son günlər marketlərdə yumurtanın 1-3 qəpik aralığında satıldığına dair görüntülər yayılır. Qiymətin 17-18 qəpikdən 1 qəpiyə qədər ucuzlaşması birmənalı qarşılanmır. Hətta həmin yumurtaların süni yolla hazırlandığı da iddia olunur.
Bakıda 1-3 qəpiyə satılan yumurtalar sünidirmi?
Globalinfo.az-a danışan Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib ki, yumurtanın qiymətinin ucuzlaşması bir neçə amillə bağlıdır:
“Bunlardan birincisi mövsümi amildir. Yaz və yay aylarında gün işığının uzanması yumurta istehsalını artırır. Məsələn, qış aylarında gündəlik təxminən 120 min yumurta istehsal olunurdusa, hazırda bu rəqəm 480 minə qədər yüksəlib. İkinci amil istehsal gücünün artmasıdır. Son dövrlərdə sənaye tipli quşçuluq təsərrüfatlarında istehsal həcmi əhəmiyyətli dərəcədə genişlənib ki, bu da bazarda təklifin artmasına səbəb olub”.
*1 qəpiyə satılan yumurtanın içindən görün nə çıxdı – VİDEO*
M.Həsənlinin sözlərinə görə, üçüncü mühüm amil ixracın azalmasıdır:
“Hazırda havaların isti keçməsi və regionda, xüsusilə İranla bağlı yaranmış müəyyən vəziyyət ixrac həcmlərinə təsir göstərib. Nəticədə daxili bazarda məhsul bolluğu yaranıb və bu da qiymətlərə enmə istiqamətində təsir edib. Lakin bu vəziyyətin mövsümi xarakter daşıdığını nəzərə alsaq, yaxın dövrdə bazarda tələb və təklif balansı bərpa olunduqca qiymətlərin yenidən əvvəlki səviyyəsinə yaxınlaşacağı gözlənilir”.
Ekspert qeyd edib ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir:
“Bu baxımdan süni şəkildə yumurta yaratmağa və yaxud xaricdən idxal etməyə ehtiyac yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az