“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyevanın orqanları bağışlanıb. Bu barədə bloger özü paylaşım edib.
Sitat: “Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi. Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq”.
Bu xəbərdən sonra bir çox insan orqanlarını necə bağışlaya biləcəyini araşdırmağa başlayıb.
Azərbaycanda vətəndaşlar donor olmaq üçün hansı addımları atmalıdır? Bu sistem praktikada necə işləyir?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, donorluq tibbi prosedurdan əlavə, həm də insan həyatının qorunmasına xidmət edən sosial və hüquqi mexanizmdir:
“Dünyanın bir çox ölkəsində minlərlə insan qan, sümük iliyi, toxuma və orqan transplantasiyası sayəsində həyata qayıdır. Azərbaycanda da son illərdə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, transplantologiya və donorluq münasibətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə yeni mexanizmlər yaradılıb. Donorluğun mahiyyəti odur ki, şəxs könüllü şəkildə öz qanını, toxumasını və ya müəyyən hallarda orqanını başqa bir insanın sağlamlığının bərpası üçün təqdim edir. Bu sahənin əsas prinsipləri könüllülük, məlumatlandırılmış razılıq, tibbi təhlükəsizlik, insan ləyaqətinin qorunması və kommersiyalaşdırmanın yolverilməzliyidir. Azərbaycan qanunvericiliyi insan orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir və bununla insan bədəninin kommersiya predmetinə çevrilməsinin qarşısını alır”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, qan donoru olmaq istəyən şəxs müvafiq tibb müəssisəsinə müraciət etməli, tibbi müayinədən keçməli və sağlamlıq vəziyyəti qiymətləndirilməlidir:
“Müayinənin məqsədi həm donorun, həm də gələcək resipiyentin təhlükəsizliyini təmin etməkdir. Qan nümunələri infeksion xəstəliklərə görə yoxlanılır və yalnız tibbi meyarlara cavab verən şəxslərdən qan götürülür. Orqan və toxuma donorluğu zamanı prosedur daha mürəkkəbdir. Canlı donorun orqan, yaxud toxuma verməsi yalnız onun yazılı və məlumatlandırılmış razılığı əsasında mümkündür. Donor əməliyyatın mahiyyəti, riskləri və mümkün nəticələri barədə tam məlumatlandırılmalıdır. Azərbaycanda transplantasiya sahəsində mühüm yeniliklərdən biri ölümündən sonra donorluq mexanizminin tətbiqidir. Bu sistemə əsasən, şəxs sağlığında öz orqanlarının ölümündən sonra transplantasiya məqsədilə istifadəsinə razılıq verə bilər. Həmin razılıq xüsusi informasiya sistemində qeydiyyata alınır və hüquqi qüvvəyə malik olur. Bu yanaşma transplantasiya gözləyən xəstələrin həyat şansını artırmağa xidmət edir. Bütün proses dövlət nəzarəti altında həyata keçirilir və şəffaflığın təmin edilməsinə xidmət edir.
Ellada Bayramova qeyd edib ki, qan müəyyən müddət saxlanıla bildiyi üçün qan banklarının fəaliyyəti mümkündür:
“Orqan bankı məsələsi isə daha mürəkkəbdir. İnsan orqanlarının əksəriyyəti uzun müddət saxlanıla bilmədiyindən klassik mənada orqan banklarının yaradılması çətindir. Ürək, qaraciyər və ağciyər kimi həyati vacib orqanların transplantasiya üçün yararlılıq müddəti olduqca qısadır. Buna görə də dünyada “orqan bankı” anlayışı daha çox donor və resipiyent məlumatlarının toplandığı milli registr sistemləri şəklində fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən vahid dövlət informasiya sistemi də mahiyyət etibarilə müasir orqan bankı modelinə yaxındır. Bu sistem donorların iradəsini, tibbi məlumatları, transplantasiya gözləyən şəxslərin qeydiyyatını və uyğunlaşdırma prosesini idarə etməyə imkan verir”.
Ləman İmran
Globalinfo.az