Rusiya Ermənistanla münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və dəyişən regional-geosiyasi reallıqlara uyğun şəkildə yenidən dəyərləndirilməsinin vacibliyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Diplomat qeyd edib ki, Rusiya mürəkkəb sınaqlarla üzləşsə də, ölkənin müstəqilliyini və suveren mövqeyini sarsıtmaq mümkün olmayacaq. Onun sözlərinə görə, siyasi təzyiqlər, sanksiyalar, terror hücumları və informasiya təxribatları Rusiyanı zəiflədə bilməz.
Kopırkin vurğulayıb ki, Moskva daha ədalətli və çoxtərəfli dünya nizamının formalaşdırılmasını dəstəkləyir və bu istiqamətdə BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda fəal iştirak edir.
Səfir Yaxın Şərqdə baş verən hadisələrin qlobal təhlükəsizlik və iqtisadi sistem üçün ciddi risklər yaratdığını bildirib. O, xüsusilə İrana qarşı hərbi əməliyyatların dünya logistika, enerji və ərzaq təhlükəsizliyini təhlükə altına qoyduğunu qeyd edib.
Onun sözlərinə görə, geosiyasi gərginlik Cənubi Qafqaza da təsirsiz ötüşmür və Rusiya regionda sabitliyin, iqtisadi inkişafın və nəqliyyat əlaqələrinin genişlənməsinin tərəfdarıdır.
“Rusiya-Ermənistan münasibətləri qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq, hökumətlərarası və parlamentlərarası əməkdaşlıq, eləcə də zəngin hüquqi baza üzərində qurulub. Bununla belə, münasibətlərimiz dəyişən qlobal və regional reallıqlara uyğun şəkildə yenidən düşünülməsi və adaptasiya olunması mərhələsinə çatıb. Moskva bu işi qarşılıqlı faydalı və konstruktiv əsasda aparmağa tam hazırdır”, – deyə Kopırkin bildirib.
Diplomat əlavə edib ki, Rusiya Ermənistanın müstəqil xarici siyasət yürütmək hüququnu heç vaxt şübhə altına almayıb. Bununla yanaşı, Moskva İrəvanın digər tərəfdaşlarla əməkdaşlığının Rusiya-Ermənistan münasibətlərinə zərər verməyəcəyinə ümid edir.
Əliyar Xəlil