Rusiya iyunun 12-dən etibarən Ermənistan mənşəli bütün karantin nəzarətinə aid məhsulların ölkəyə idxalını dayandırır. Qərar Rusiya ərazisindən keçməklə digər Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranzit daşınan məhsullara da şamil ediləcək.
Globalinfo.az xəbər verir ki, qadağa tərəvəz və meyvələr, qoz-fındıq, taxıl, un, bitki və ağac mənşəli məhsullar, eləcə də qablaşdırma materialları daxil olmaqla geniş çeşidi əhatə edir.
Rusiya bu addımı Ermənistan məhsullarında təhlükəli zərərvericilərin mütəmadi aşkarlanması ilə əsaslandırıb. Bildirilir ki, son aylarda Ermənistandan idxal olunan qoz, qurudulmuş şaftalı və pomidorda Rusiyada yayılmayan kapra böcəyi aşkarlanıb.
Rusiya tərəfinin fikrincə, bu hallar Ermənistanın fitosanitar nəzarət sistemində ciddi problemlərin olduğunu göstərir və ölkənin kənd təsərrüfatı məhsulları üçün risk yaradır.
Məhdudiyyətlər məhsulların təhlükəsizliyinin və mənşəyinin izlənilməsi ilə bağlı etibarlı mexanizm formalaşdırılanadək qüvvədə qalacaq.
Əliyar Xəlil