pasinyan 111

Ermənistanda keçirilən parlament seçkilərindən sonra diqqətlər yenidən baş nazir Nikol Paşinyanın qarşıdakı dövrdə atacağı addımlara yönəlib.

Seçkinin nəticələri yalnız daxili siyasi balansı deyil, həm də Ermənistanın xarici siyasət kursunu, Azərbaycanla sülh prosesinin gələcəyini, Türkiyə ilə normallaşma perspektivlərini və Rusiyanın ölkə üzərindəki təsir imkanlarını yenidən gündəmə gətirib.

Beləliklə, Ermənistan Konstitusiyasında Azərbaycanın tələb etdiyi kimi dəyişikliklər olacaqmı? İrəvanın Moskva ilə münasibətlərində bundan sonra nələr gözlənilir? Bütün bunların fonunda Türkiyə-Ermənistan münasibətlərində hansı yeni gəlişmələr gözlənilir?

Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, seçkilərin nəticələri hələ təsdiqlənməyib:

“Vəziyyət belədir ki, əgər dördüncü partiya da parlamentə keçərsə, siyasi mənzərə dəyişə bilər. Ermənistan qanunvericiliyinə görə, parlament yerlərinin beşdə üçü bir partiyaya məxsus olduqda, həmin siyasi qüvvə hökuməti tam rahat şəkildə formalaşdırır və vacib təyinatları həyata keçirə bilir. Məsələn, Konstitusiya Məhkəməsinin hakimi, baş prokuror və digər mühüm vəzifələrə təyinatlar mümkün olur.

Hazırda parlamentə üç siyasi partiya keçib və Ermənistan qanunvericiliyinə uyğun olaraq üstünlük Paşinyanın tərəfindədir. Dördüncü partiya da parlamentə keçərsə, Paşinyan hökuməti formalaşdıra biləcək, lakin vacib təyinatları həyata keçirmək imkanları məhdudlaşacaq.

Təxminən iki ay ərzində hökumət formalaşacaq. Bundan sonra “Hökumətin proqramı” adlı sənəd təsdiqlənməlidir. Bu, artıq rəsmi sənəddir. Seçkiqabağı kampaniyada deyilənlər başqa məsələdir. “Hökumətin proqramı” isə seçilmiş icra hakimiyyətinin niyyət və fəaliyyət istiqamətlərini özündə əks etdirən rəsmi sənəddir.

Bu sənəddə Azərbaycanla bağlı məsələlərin necə əks olunacağı çox vacibdir. ABŞ Prezidenti Donald Tramp faktoru Ermənistan üçün mühüm əhəmiyyət daşıyır. ABŞ bu məsələlərlə maraqlıdır”.

WhatsApp Image 2026 03 10 at 16.25.20 7 900x529 1
Fərhad Məmmədov

Politoloqun sözlərinə görə, Rusiyapərəst müxalifətin tərkibi dəyişib:

“Lakin Ermənistan parlamentində təmsil olunan müxalifət partiyaları yenə də Rusiyaya yaxın siyasi qüvvələrdir. Tərkib dəyişsə də, mahiyyət dəyişmir. Onlar gələcəkdə hakimiyyətə iddialı siyasi qüvvələr kimi artıq qeydiyyatdan keçiblər.

Ən vacib məsələlərdən biri isə yeni Konstitusiyanın qəbuludur. Söhbət məhz tamamilə yeni bir Konstitusiyadan gedir və Paşinyan da bunu açıq şəkildə bəyan edib. Bununla belə, hazırda belə bir dəyişikliyi həyata keçirmək üçün lazım olan səs çoxluğu Paşinyanda yoxdur. O, təşəbbüslə çıxış edə bilər, lakin bu da müəyyən problemlər yaradır. Paşinyanın parlamentdə yeni Konstitusiyanı qəbul etdirmək üçün kifayət qədər mandatı yoxdur. Belə olan halda, “Hökumətin proqramı”nda yeni Konstitusiyanın qəbulunun necə təsvir ediləcəyi xüsusi maraq doğurur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: