secki

Ermənistanda yerli jurnalist Narek Xaçatryanın parlament seçkiləri ilə bağlı hazırladığı reportajdan dərhal sonra hərbi toplanışa çağırılması müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Narek Xaçatryan seçkiqabağı kampaniya dövründə və səsvermə günü hakim “Vətəndaş Müqaviləsi” Partiyası tərəfindən yol verildiyi iddia olunan çoxsaylı pozuntuları işıqlandırıb. O, xüsusilə səsvermə günü hərbçilərin kütləvi şəkildə seçki məntəqələrinə daşınmasını əks etdirən videogörüntülər yayımlayıb.

Məlumatda bildirilir ki, jurnalist həmin materialın dərcindən bir gün sonra 25 günlük hərbi təlim-toplanışına çağırış vərəqəsi alıb. Hadisə Ermənistanın media və siyasi dairələrində müxtəlif reaksiyalar doğurub.

Tənqidçilər hesab edirlər ki, bu addım jurnalistin peşə fəaliyyətinə görə təzyiqə məruz qalması ilə bağlı suallar yaradır. Eyni zamanda qeyd olunur ki, adətən söz və mətbuat azadlığı məsələlərində sərt mövqe nümayiş etdirən bəzi Qərb institutları və rəsmiləri hadisə ilə bağlı hələlik açıq bəyanat verməyiblər.

Hadisə fonunda Ermənistanda seçkilərin şəffaflığı, jurnalistlərin fəaliyyəti və demokratik institutların vəziyyəti ətrafında müzakirələr yenidən gündəmə gəlib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: