İranın sonuncu şahının oğlu, sürgündə yaşayan Rza Pəhləvi xaricdə yaşayan iranlıları iyunun 16-da toplantılar keçirməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, tədbirlər 2022-ci ildə İranda baş vermiş ümummilli etiraz aksiyalarından sonra edam edilən etirazçı Məcidreza Rəhnəvərdin doğum günü münasibətilə təşkil olunmalıdır.
Bəyanatda həmçinin iranlılardan futbol üzrə dünya çempionatının oyunlarından istifadə edərək üzərində şir və günəş təsviri olan İran bayrağını, eləcə də İslam Respublikası tərəfindən öldürüldüyü iddia edilən etirazçıların fotolarını nümayiş etdirmələri istənilib.
Bir sıra nəşrlərin məlumatına görə, FIFA turnir zamanı İslam İnqilabından əvvəl istifadə olunan şir və günəş təsvirli İran bayrağının nümayişini qadağan etməyi planlaşdırır.
Rza Pəhləvinin ofisinin bəyanatında qeyd olunub ki, futbol üzrə dünya çempionatı İran xalqının səsini bütün dünyaya çatdırmaq üçün nadir imkan yaradıb.
“İndi özümüzü göstərməyin vaxtıdır. İranın milli bayrağı altında daha böyük birlik nümayiş etdirməyin zamanıdır”, deyə bəyanatda vurğulanıb.
Müraciətdə həmçinin Şimali Amerikada yaşayan iranlılara stadionların daxilində və ətrafında kütləvi şəkildə toplaşaraq vahid xalqın öz vətənini geri qaytarmaq iradəsini və qətiyyətini nümayiş etdirmək çağırışı yer alıb.
Əliyar Xəlil