“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hazırlanmışdı. Ermənilərin Kəlbəcərdən çıxması ilə bağlı razılıq əldə edilmişdi. Konkret qrafik müəyyən olunmuşdu ki, iyun ayının 16-na qədər ermənilər Kəlbəcəri tərk etməli idilər. Bundan başqa, iyun ayının 30-da prezidentin Böyük Britaniyaya səfəri nəzərdə tutulurdu. Bu müqavilələrin BP ilə imzalanması gözlənilirdi. Təəssüf ki, proseslərin hamısı qiyam nəticəsində geri atıldı”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib. Onun sözlərinə görə, əsas diplomatik fəaliyyət Kəlbəcər və digər işğal olunmuş ərazilərin azad olunmasına yönəlmişdi:
“Bununla bağlı BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə imzalamışdı. 30 aprel 1993-cü ildə bu istiqamətdə Ermənistanla danışıqlar aparılırdı. Nəzərdə tutulurdu ki, ermənilər Kəlbəcər və digər işğal olunmuş ərazilərdən çıxır. Ondan sonra sülh danışıqları başlanır. 1993-cü ilin payızına doğru böyük sülh sazişinin imzalanması prosesi davam etdirilirdi”.
Oqtay Qasımov
Oqtay Qasımov deyib ki, ən önəmli məqamlardan biri Zəngəzur dəhlizinin açılması olub:
“Yəni Elçibəy hakimiyyətinin devrilməsinin səbəblərindən biri də neft müqavilələrinin Qərb şirkətləri ilə imzalanması, Azərbaycanın müstəqil siyasət yürütməsi və Zəngəzur dəhlizinin açılması idi. Zəngəzur dəhlizi ilə bağlı bir məqamı diqqətə çatdırım: keçmiş ATƏM, indiki ATƏT vasitəsilə sülhməramlı qüvvələr yaradılır və beynəlxalq mandatla onlar Mehri rayonunda yerləşdirilirdi. Təxminən beş kilometr enində dəhliz müəyyənləşdirilmişdi. Həmin ərazidə dəmir yolu və avtomobil yolu nəzərdə tutulurdu. O zaman bu ərazilər işlək vəziyyətdə idi, sadəcə sonradan dağıdıldı. Bununla yanaşı, neft kəmərləri oradan keçməli idi. Əgər o zaman razılaşma əldə olunsaydı, neft kəməri Mehri üzərindən keçəcəkdi və Bakı-Tbilisi-Ceyhan deyil, daha qısa marşrut formalaşacaqdı. Əlavə qaz kəmərləri, enerji xətləri və fiber-optik internet şəbəkələrinin keçməsi nəzərdə tutulurdu. Bu ərazilərdə nəzarət beynəlxalq mandatlı qüvvələrdə olacaqdı, hansısa dövlətin nəzarətində olmayacaqdı. Rusiya da bunu çox yaxşı bildiyindən ki, Azərbaycanla Ermənistan razılaşarsa və dəhliz açılarsa, həmin ərazi beynəlxalq nəzarətə verilərsə, Qafqazda onun təsiri zəifləyəcəkdi. Necə ki, bu gün Rusiya müqavimət göstərir, Ermənistan seçkilərinə müdaxilə etməyə çalışır, sülh prosesini əngəlləməyə çalışır, eyni proseslər o zaman da baş verirdi. Rusiya o zaman radikal qərar qəbul edərək həm Azərbaycanda hakimiyyət çevrilişini dəstəklədi, həm də Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan rayonlarının işğalında birbaşa iştirak edən qüvvələrin rolunu gücləndirdi ki, Zəngəzur dəhlizi layihəsi gündəmdən çıxsın. O zamankı siyasi vəziyyət bundan ibarət idi”.
Zaira Akifqızı
Globalinfo.az