Kanak fəalı Rok Xaokas “Bakinsky Rabochiy” qəzetinə verdiyi eksklüziv müsahibədə Fransanın müstəmləkə siyasəti, 2024-cü ilin may faciəsi, siyasi məhbuslar və Kanak xalqının müstəqillik uğrunda mübarizəsi barədə danışıb.
Təəssüf ki, Fransa Respublikasının özünü “insan haqları”, “demokratiya” və “azadlıq” prinsiplərinin qlobal müdafiəçisi kimi təqdim etdiyi bir dövrdə, Sakit okeanın mərkəzində yerləşən Kanak torpağında baş verənlər Parisin siyasi ritorikası ilə real siyasəti arasındakı dərin ziddiyyəti bütün çılpaqlığı ilə ortaya qoyur. Bu gün Yeni Kaledoniya məsələsi XXI əsrdə davam edən müasir müstəmləkəçiliyin ən açıq nümunələrindən biridir.
Kanak xalqının mübarizəsi BMT tərəfindən tanınmış öz müqəddəratını təyinetmə hüququnun müdafiəsidir. Fransa uzun illərdir Kanak xalqının siyasi iradəsini zəiflətmək üçün klassik müstəmləkə metodlarından istifadə edir. Paris bir tərəfdən “dekolonizasiya prosesi”ndən danışır, digər tərəfdən isə demoqrafik balansı dəyişdirərək yerli xalqın siyasi təsirini minimuma endirməyə çalışır. 2024-cü ilin may hadisələri məhz bu siyasətin nəticəsi idi.
Seçki korpusunun genişləndirilməsi adı altında həyata keçirilən təşəbbüs, əslində, Kanak xalqının səsinin zəiflədilməsi və gələcəkdə müstəqillik perspektivinin aradan qaldırılması məqsədi daşıyırdı. Hələ o dövrdə belə aydın idi ki, bu, demokratiya deyil, idarə olunan demoqrafik mühəndislikdir.
Ən diqqətçəkən məqamlardan biri isə Fransanın özünü birbaşa tərəf kimi aparmasıdır. Halbuki Yeni Kaledoniya 1986-cı ildən etibarən BMT-nin dekolonizasiya siyahısındadır və Fransa beynəlxalq hüquqa əsasən bu prosesdə neytral mövqe tutmalı idi. Lakin Prezident Emmanuel Makronun rəhbərlik etdiyi hökumət artıq neytrallıq görüntüsünü belə qorumağa çalışmır. Müstəqillik tərəfdarlarının deportasiyası, siyasi liderlərin həbsi, etirazların güc yolu ilə yatırılması və Kanak hərəkatının “radikalizm” kimi təqdim olunması Fransa dövlətinin müstəmləkə reflekslərinin hələ də yaşadığını göstərir.
Kanak xalqının əsas problemi yalnız siyasi deyil, eyni zamanda sosial və iqtisadi xarakter daşıyır. Bu gün Yeni Kaledoniyada kanaklar arasında işsizlik səviyyəsi yüksəkdir, mənzil böhranı dərinləşir, sosial bərabərsizlik artır. Fransa isə belə bir böhranın səbəbkarı olmasına baxmayaraq, bunu siyasi təzyiq vasitəsinə çevirməyə çalışır. Parisin vəd etdiyi milyardlarla avroluq yardım paketləri, əslində, siyasi loyalıq müqabilində təklif olunan yeni asılılıq modelidir. Bu, klassik neokolonializm mexanizmidir: əvvəlcə sosial asılılıq yaratmaq, daha sonra həmin asılılığı siyasi itaət vasitəsinə çevirmək.
Burada xüsusilə mühüm olan məqamlardan biri Fransanın beynəlxalq müstəvidə nümayiş etdirdiyi ikili standartlardır. Paris başqa regionlarda “öz müqəddəratını təyinetmə hüququ”ndan danışarkən, kanak xalqına münasibətdə tamamilə fərqli mövqe tutur. Fransa üçün demokratiya yalnız onun geosiyasi maraqlarına xidmət etdiyi müddətdə qəbulolunandır.
Bakının mövqeyi
Azərbaycan son illərdə beynəlxalq platformalarda neokolonializmə qarşı prinsipial mövqe nümayiş etdirərək müstəmləkə altında yaşayan xalqların səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır. Bu siyasət təsadüfi deyil. Azərbaycan özü də uzun illər beynəlxalq hüququn selektiv tətbiqi ilə üzləşmiş bir dövlət kimi ikili standartların nə qədər təhlükəli olduğunu yaxşı anlayır. Buna görə də Bakı Təşəbbüs Qrupu vasitəsilə kanaklar daxil olmaqla, müxtəlif müstəmləkə ərazilərində yaşayan xalqların problemlərinin gündəmə gətirilməsi Azərbaycanın qlobal ədalət çağırışının tərkib hissəsidir.
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti xüsusilə önəmlidir, çünki uzun illər Fransa kimi dövlətlər müstəmləkə ərazilərini təcrid vəziyyətində saxlamağa çalışıblar. Azərbaycanın yaratdığı platforma isə kanak xalqına, Fransız Polineziyasına, Korsikaya və digər ərazilərə öz problemlərini beynəlxalq auditoriyaya çatdırmaq imkanı verir. Bu, artıq təkcə diplomatik fəaliyyət deyil, qlobal anti-neokolonial həmrəylik modelidir.
Fransanın Azərbaycana qarşı aqressiv ritorikasının əsas səbəblərindən biri də məhz budur. Paris anlayır ki, kanak məsələsinin beynəlxalq müzakirəyə çıxması onun illərlə qorumağa çalışdığı “humanist Fransa” imicini ciddi şəkildə zədələyir. Çünki Kanakiyada baş verənlər Fransanın Afrikada, Sakit okeanda və digər regionlarda formal müstəqillik görüntüsü altında təsir mexanizmlərini qoruyub saxlayan klassik neokolonial güc olduğunu göstərir.
Bu gün kanak xalqının mübarizəsi təkcə Yeni Kaledoniyanın gələcəyi ilə bağlı deyil. Bu mübarizə beynəlxalq hüququn həqiqətən işləyib-işləməməsinin bir növ test edilməsidir. Əgər BMT-nin dekolonizasiya prinsipləri yalnız kağız üzərində qalacaqsa, onda “öz müqəddəratını təyinetmə hüququ” anlayışı da siyasi manipulyasiya alətinə çevriləcək. Kanak xalqı isə artıq açıq şəkildə göstərir ki, onlar müstəmləkə idarəçiliyinin modernləşdirilmiş formasını deyil, real siyasi suverenlik istəyirlər.
Azərbaycanın bu prosesdə tutduğu mövqe isə beynəlxalq münasibətlər sistemində yeni siyasi xəttin formalaşdığını göstərir. Bakı artıq yalnız regional aktor kimi deyil, eyni zamanda neokolonializmə qarşı qlobal siyasi diskursun iştirakçısı kimi çıxış edir. Kanak xalqına verilən dəstək də məhz bu prinsipial yanaşmanın nəticəsidir: xalqların taleyi böyük güclərin geosiyasi maraqları ilə deyil, onların öz azad iradəsi ilə müəyyən olunmalıdır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı