336715

Ermənistanda seçki yaxınlaşır, iddiaçılar fəallaşır. Mübarizənin daha çox baş Nazir Nikol Paşinyanla keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan arasında olduğu deyilsə də, əsas rəqib erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan hesab edilir.

Artıq Azərbaycandakı analitiklər də onun kifayət qədər şansının olduğunu bildirirlər. Karapetyanın keçmiş hakimiyyətə bağlı olmaması, yeni qüvvə kimi özünü təqdim etməsi, sabiq prezidentlərdən və Paşinyandan narazı elektoratı onun partiyasına səs verməyə istiqamətləndirə bilər. Təhlilçilərin fikirlərinə görə, onun biznesmen imici, kapitalı, Ermənistan siyasətində yeni sima olması şanslarını artırır.

Samvelin Rusiyaya bağlı olması, Kremlin təlimatı Ermənistandakı seçkilərə qatılması onu Azərbaycan üçün arzuolunmaz siyasi fiqur edə bilərmi? Karapetyanın iqtidara gəlməsi sülh prosesinə hansı şəkildə təsir göstərəcək? O, Qarabağla bağlı revanşist ideyaları gündəmə gətirə bilərmi? Bakının İrəvandakı seçkilərə yanaşması necədir?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Ermənistanda yaxınlaşan seçkilər fonunda siyasi mübarizənin daha da kəskinləşməsi gözlənilən idi:

Azərbaycan prosesi ciddi şəkildə izləyir. Bizim üçün İrəvanda hakimiyyətə hansı qüvvənin gələcəyi postmüharibə dövründə formalaşan regional təhlükəsizlik arxitekturasına birbaşa təsir edən amildir. Bu baxımdan Samvel Karapetyanın son dövrdə ön plana çıxması da diqqətlə izlənilir.

Karapetyanın əsas üstünlüyü onun klassik Ermənistan siyasi elitasından fərqli obraz yaratmağa çalışmasıdır. O, nə tam şəkildə Köçəryan-Sərkisyan komandasının siması kimi görünür, nə də Paşinyan hakimiyyətinin məsuliyyətini daşıyır. Bu isə Ermənistan cəmiyyətində uzun illərdir formalaşmış siyasi yorğunluq fonunda ona əlavə üstünlük verir. Çünki erməni seçicisinin müəyyən hissəsi həm keçmiş “Qarabağ klanı”ndan, həm də Paşinyanın bu və ya digər məsələyə dair mövqeyindən narazıdır. Karapetyan isə məhz bu narazı elektoratı öz ətrafında toplamağa çalışır.

Lakin burada əsas məsələ onun Rusiya ilə münasibətləridir. Samvel Karapetyan biznes və siyasi əlaqələri baxımından Moskvaya birabaşa bağlı olan fiqurdur. Hazırda Ermənistan daxilində təsir imkanları əvvəllər olduğunudan xeyli zəif olan Kreml də məhz bu cür siyasi fiqurlar üzərindən təsirini bərpa etməyə çalışır. Odur ki, Karapetyanın siyasi yüksəlişi və hakimiyyətə gəlməsi Ermənistanın yenidən daha sərt və revanşist xəttə yaxınlaşması riskini artırır”.

yusif 900x498 1
Yusif Bağırzadə 

Politoloq bildirib ki, bugünkü regional reallıq 2020-ci ildən əvvəlki vəziyyətdən köklü şəkildə fərqlənir:

Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa edib və beynəlxalq müstəvidə bu məsələ faktiki olaraq bağlanmış hesab olunur. Bu səbəbdən Ermənistanda hakimiyyətə hansı qüvvənin gəlməsindən asılı olmayaraq “Qarabağın qaytarılması” kimi siyasi xəttin praktiki nəticə doğurması faktiki olaraq mümkün deyil. Hətta ən radikal revanşist qüvvələr belə mövcud hərbi-siyasi balansı dəyişəcək real imkanlara malik deyillər.

Bu baxımdan Bakının əsas prioriteti konkret şəxsdən daha çox Ermənistanın hansı siyasi kursu davam etdirəcəyidir. Nikol Paşinyanın hakimiyyəti dövründə ErmənistanAzərbaycan münasibətlərində müəyyən irəliləyiş əldə olunub. Sərhədlərin delimitasiyası, kommunikasiya məsələləri və sülh müqaviləsi istiqamətində danışıqlar əvvəlki dövrlərlə müqayisədə daha praktik mərhələyə keçib. Buna görə də rəsmi Bakı üçün Paşinyan hazırda daha proqnozlaşdırılan tərəfdaş təsiri bağışlayır. Bu, təbii ki, Paşinyanın “Bakının adamı” olması demək deyil, sadəcə, mövcud mərhələdə onun siyasəti regionda yeni müharibə riskini aradan qaldırmağa daha yaxındır.

Əgər Karapetyan və ya Rusiyaya daha yaxın qüvvələr hakimiyyətə gəlsə, sülh prosesinin tempi zəifləyə bilər. Çünki Moskva Cənubi Qafqazda tam sabitlikdən daha çox idarə olunan gərginlik modelində maraqlıdır, öz təsirini və strateji xəttini də ənənəvi olaraq bu gərginlik vasitəsilə təmin etmək istəyir. Bununla belə, düşünürəm ki, Ermənistan daxilində iqtisadi problemlər, təhlükəsizlik böhranı və cəmiyyətin müharibədən yorulması istənilən hakimiyyəti müəyyən reallıqları qəbul etməyə məcbur edəcək.

Paşinyanın yenidən seçilməsi halında Qarabağa “qayıdış” məsələsinin gündəmə gəlməsi ehtimalı real görünmür. O, artıq açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan siyasət aparır və geri dönüş cəhdi həm beynəlxalq təzyiqlər, həm də regional güc balansı səbəbindən Ermənistan üçün çox riskli olardı”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: