putin pasinyan 876 900x600 3

Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 7-də baş tutacaq seçkilərdə qələbə qazanacağı halda, Rusiyanın sərt reaksiya verəcəyi və təxribatlara əl ata biləcəyi iddia olunur.

Moskvanın seçkilərin nəticəsini tanımaması, tankların Ermənistan daxil olması, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasından qarşıdurma üçün istifadə edilməsi, eləcə də Paşinyana qarşı sui-qəsd ehtimalları gündəmdədir.

Məsələn, 1999-cu ildə Ermənistan parlamentində baş verən güllələnmə hadisəsi (Vazgen Sərkisyan və Karen Dəmirçiyanın öldürülməsi) hələ də yaddaşlardadır.

Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, bu iddialar diqqət çəksə də, belə ssenarilərin baş verməsi gözlənilmir:

“Düzdür, Rusiya Ermənistandakı prosesləri yaxından izləyir və müəyyən narahatlıqları var. Lakin bu, birmənalı şəkildə Rusiyanın Ermənistana hərbi müdaxilə edəcəyi anlamına gəlmir.

1999-cu ildə Ermənistan parlamentində baş verən güllələnmə hadisəsi öz dövrü üçün xarakterik və həmin siyasi mühitin məhsulu idi. Amma hazırkı siyasi şəraitdə belə bir hadisənin təkrarlanması ehtimalı çox aşağıdır.

Tankların və hərbi qüvvələrin Ermənistan ərazisinə daxil olması isə mümkün deyil. Bunun quru yolu ilə olması da real görünmür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: