Ukraynada mal ətinin qiymətinin təxminən 8 dollar (13-14 manat), Azərbaycanda isə 13 dollar (təxminən 22 manat) olması diqqət çəkir. Müharibə şəraitində olan bir ölkədə qiymətlərin Azərbaycandakından aşağı olması suallar yaradır.
Bunun səbəbləri nələrdir?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, hər şeydən əvvəl Ukrayna iri kənd təsərrüfatı, heyvandarlıq ölkəsidir:
“Burada böyük fermer təsərrüfatları var. Azərbaycanda isə təsərrüfatların əksəriyyəti xırda və məhsuldarlığı çox aşağıdır. Məsələn, Ukraynada sənaye tipli fermalar üstünlük təşkil edir, Azərbaycanda isə 70-80 faiz kiçik ailə təsərrüfatlarıdır. Bundan əlavə, Ukraynada iri donuz təsərrüfatları da mövcuddur, hansı ki, bazarda alternativ yaradır. Müharibəyə baxmayaraq əminliklə demək olar ki, bu ölkədə kənd təsərrüfatı sektoru hələ də böyükdür. Ayrıca, taxıl istehsalı çox yüksək olduğu üçün yem də ucuzdur. Azərbaycanda isə yemlərin əksəriyyəti idxal olunur. Yem xərci ümumi maya dəyərinin 60-70 faizini təşkil edir. Belə olan halda, Ukraynada 1 kq ətin maya dəyəri bizdəkindən təxminən 30-40 faiz aşağı başa gəlir”.
Vüsalə Əhmədova
V.Əhmədova deyib ki, Ukraynada aqrar sektor daha rəqabətlidir və ixrac yönümlüdür:
“Azərbaycan isə əsasən inhisar və ya məhdud rəqabət, aralıq vasitəçilərin çoxluğu ilə seçilir. Sadə dildə ifadə etsək, Ukraynada fermerlərdən supermarketlərə birbaşa çıxış var. Ölkəmizdə isə, fermer, iri mal alıcıları, topdansatış məntəqələri, qəssablar və pərakəndə satıcılar olmaqla vasitəçilər çoxluq təşkil edir. Hər mərhələdə məhsulun maya dəyərinə 10-20 faiz marja əlavə olunur. Nəticədə, qiymət 30-50 faiz şişir. Qısası, istehsal baha başa gəlir və bazar strukturu da öz növbəsində qiymətləri aşağı salmağa imkan vermir. “Müharibə olsa da niyə ucuzdur?” sualının sadə cavabı, “daha effektiv istehsal edirlər və Ukrayna istehsal yönümlü iqtisadiyyatdır”. Azərbaycan isə idxaldan və parçalanmış istehsaldan asılı bazardır”.
Zaira Akifqızı
Globalinfo.az