Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edəcək. Bu qərar qlobal enerji bazarında yeni müzakirələrə səbəb olub. Belə bir şəraitdə Azərbaycanın sabit iqtisadiyyata malik ölkə kimi mövqeyi daha çox diqqət çəkir.
BƏƏ-nin OPEC-dən çıxması qlobal enerji bazarında hansı dəyişikliklərə səbəb ola bilər: Bu vəziyyət Azərbaycanın iqtisadi sabitliyinə necə təsir edəcək?
Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, BƏƏ ənənəvi olaraq qiymət müharibəsindən çox, gəlirlərin optimallaşdırılmasına yönəlmiş balanslı siyasət yürüdür:
“BƏƏ-nin bu qərarı qlobal neft bazarı üçün nəzərəçarpan, lakin kritik olmayan hadisədir. BƏƏ artıq bu gün əhəmiyyətli ehtiyat hasilat gücünə malikdir və nəzəri olaraq kvota sistemindən kənarda daha sürətlə hasilatı artıra bilər. Lakin ixracın real artırılması potensialı həm yataqların texniki xüsusiyyətləri, həm də resursların uzunmüddətli idarəetmə strategiyası ilə məhdudlaşır. Əsas məsələ hasilatı artırmaq imkanından çox, bunun nə dərəcədə məqsədəuyğun olmasıdır. BƏƏ tərəfindən təklifin artırılması çox qısa müddətdə neft qiymətlərinə təzyiq göstərə bilər, amma digər iri istehsalçıların dəstəyi olmadan bu təsirin davamlı olması mümkün deyil”.
İlham Şaban
Ekspert bildirib ki, OPEC-dən çıxış qiymətlərin kəskin enməsi üçün alətə çevrilməyəcək:
“Daha çox bu addım BƏƏ-nin öz enerji siyasətində çevikliyini və bazardakı danışıqlar mövqelərini gücləndirəcək. BƏƏ-ni bu addımı atmağa vadar edən siyasi-iqtisadi faktorlar var. Birincisi, BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında siyasi gərginlik var və rəsmi Əbu-Dabi Ər-Riyadın arzusuna uyğun öz siyasətini uzlaşdırmağa meylli deyil. İkincisi, İran müharibəsi bu günə qədər BƏƏ iqtisadiyyatına kifayət qədər ziyan vurub və onu qarşılamaq üçün OPEC kvotaları ilə özünü limitləməyə hansısa əsas görmür”.
Ləman İmran
Globalinfo.az