Bakıda avtobusda ağlayan uşağın düşürülməsini istəyən qadına sərnişinlər etiraz edib. Hadisənin görüntüləri yayıldıqdan sonra istifadəçilər iki mövqeyə bölünüb. Bəziləri ictimai məkanda sakitliyin qorunmalı olduğunu desə də, digərləri uşağın ağlamasının təbii hal olduğunu və anaya qarşı bu cür davranışın yolverilməz olduğunu bildirib.
İctimai nəqliyyatda bu kimi hallarda sərnişinlərin, sürücünün hüquq və məsuliyyətləri nədən ibarətdir? Uşağın ağlaması səbəbi ilə sərnişindən avtobusu tərk etməyi tələb etmək qanunauyğundurmu? Ümumiyyətlə, hansı hallarda sərnişinin marşrutdan düşməsini tələb etmək olar?
Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, bu hadisə hüquqi baxımdan əsaslı deyil:
“Ölkəmizdə ictimai nəqliyyatdan istifadə qaydaları “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə tənzimlənir. Həmin qaydalara əsasən, hər bir sərnişin ictimai nəqliyyatdan sərbəst istifadə etmək, təhlükəsiz və rahat şəraitdə daşınmaq hüququna malikdir. Eyni zamanda, sərnişinlər qanunsuz müdaxilələrdən və əsassız tələblərdən qorunmalıdırlar. Uşaqla birlikdə səyahət etmək də bu hüquqlar çərçivəsində qiymətləndirilir və bu hal hər hansı məhdudiyyət üçün əsas vermir. Digər tərəfdən, sərnişinlərin müəyyən vəzifələri də mövcuddur. Onlar ictimai qaydalara riayət etməli, digər sərnişinlərin hüquqlarını pozmamalı və nəqliyyat vasitəsində asayişi qorumalıdırlar. Lakin uşağın ağlaması təbii davranış formasıdır və burada qəsd, yaxud ictimai asayişi pozma niyyəti yoxdur. Bu səbəbdən belə hal hüquqi pozuntu sayılmır”.
Əlövsət Allahverdiyev
Hüquqşünas bildirib ki, qanunvericiliyə əsasən, sürücü yalnız müəyyən hallarda sərnişindən nəqliyyat vasitəsini tərk etməyi tələb edə bilər:
“Bu hallar əsasən sərnişinin aqressiv davranışı, sərxoş vəziyyətdə olması, gediş haqqını ödəməkdən imtina etməsi, nəqliyyat vasitəsinə zərər vurması və ya ictimai təhlükə yaratması kimi vəziyyətləri əhatə edir. Belə hallar real təhlükə və ciddi qayda pozuntusu ilə bağlıdır, uşağın ağlaması isə bu kateqoriyaya daxil deyil. Bundan əlavə, digər sərnişinlərin hər hansı şəxsdən avtobusu tərk etməyi tələb etmək və ya onu buna məcbur etmək kimi hüquqları yoxdur. Onlar yalnız narazılıqlarını ifadə edə və zərurət olduqda sürücüyə müraciət edə bilərlər. Bir sözlə, uşağın ağlamasına görə ananın avtobusdan düşməsinin tələb olunması həm hüquqi, həm də etik baxımdan yolverilməzdir. Belə hallarda sərnişinlərin qarşılıqlı anlayış və tolerantlıq nümayiş etdirməsi ictimai münasibətlərin sağlam inkişafı baxımından daha məqsədəuyğundur”.
Ləman İmran
Globalinfo.az