Tovuz rayonunda valideynləri tərəfindən atıldığı söylənilən azyaşlılar dilənçiliyə məcbur edilirmiş.
Globalinfo.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşaqlar Tovuz şəhəri, Məhəmməd Zeynallı küçəsində yerləşən yataqxanada yaşayırlar.
Qonşular ailə başçılarının bir-biri ilə dalaşması barədə rayon icra hakimiyyətinə məlumat veriblər. İcra hakimiyyəti əməkdaşları mənzilə baxış keçirərkən məlum olub ki, ailə başçısı Səbuhi Ələsgərov içki aludəçisidir, heç bir yerdə işləmir.
Uşaqların anası Təranə Ələsgərova isə həm psixi xəstə, həm də fiziki məhdudiyyətlidir. Qadın və kişi evdə tez-tez mübahisələr edir, uşaqlara işgəncə verirmişlər.
Rayon icra hakimiyyətinin əməkdaşları ana və üç övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər, hazırda uşaqlar və ana müayinə edilirlər.
***17:51
Tovuz rayonunda valideynləri tərəfindən atıldığı söylənilən uşaqların baxımsız qaldığı müəyyən edilib.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, ailə uşaqlardan imtina etməyib:
“Ailə uşaqlardan imtina etməyib. Tovuz Rayon İcra Hakimiyyəti uşaqların vəziyyəti ilə bağlı informasiya əldə edib. Qonşu icra hakimiyyətinə məlumat verib ki, qonşuluqda bir ailədə uşaqlar baxımsız vəziyyətdə qalıb. İcra hakimiyyəti, eyni zamanda aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ailəyə baxış keçirib və müəyyən ediblər ki, həqiqətən də uşaqlar evdə baxımsız vəziyyətdədir. Çünki ata uşaqlara baxmır, alkoqol aludəçisidir, ana da uşaqlara baxmaq iqtidarında deyil. Buna görə də icra hakimiyyəti aidiyyəti qurumlarla və polis əməkdaşları ilə birlikdə uşaqları xəstəxanaya yerləşdirib. Hazırda onların müayinələri davam etdirilir”.
Komitədən qeyd olunub ki, uşaqların vəziyyəti ilə bağlı zəruri tədbirlər görüləcək.
X X X
Valideynlərinin imtina etdiyi uşaqların səhhətində son durum açıqlanıb.
TƏBİB-dən bildirilib ki, 9 aprel 2026-cı il tarixində saat 14:10 radələrində 2018, 2019 və 2024-cü il təvəllüdlü 3 azyaşlı oğlan uşağı Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Azyaşlıların tibbi müayinəsi həyata keçirilib. Hər birinin vəziyyəti qənaətbəxşdir.
***15:58
Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı mövcud vəziyyət qiymətləndirilib.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, uşaqlar müvafiq səhiyyə müəssisəsinə yerləşdiriliblər:
“Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”, – deyə məlumatda qeyd edilib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Report”un Qərb bürosuna bildirib ki, ailədə ata alkoqol aludəçisidir, ananın isə psixoloji problemləri var.
“Uşaqlar baxımsız vəziyyətdə qaldığı üçün rayon icra hakimiyyətinin nümayəndələri ailəyə baxış keçirib. Uşaqların baxımsız vəziyyətdə olduğu təsdiqlənib. Azyaşlılar ilkin olaraq müayinə üçün xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı araşdırma aparılır”, – deyə açıqlamada qeyd olunur.
***15:29
Tovuz rayonunda valideynləri tərəfindən atılan üç azyaşlı uşağın kimliyi məlum olub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018).
Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.
Uşaqların dövlət himayəsinə veriləcəyi gözlənilir.
X X X
Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.