“Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edərək bu ölkə ilə ABŞ arasında elan edilmiş atəşkəslə bağlı təbrikini çatdırması, habelə cari geosiyasi situasiyada ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsinin aparılması Bakı və Tehran arasında çevik kommunikasiya potensialının mövcudluğunu və böhran vəziyyətində birgə hərəkət potensialını bir daha göstərmiş oldu”.
Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, qlobal ziddiyyətlərin artdığı hazırkı geosiyasi şəraitdə Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada dialoq mühitinin qorunub saxlanması indiki məqamda çox mühümdür:
“Xüsusən son proseslər əmsalında artıq beynəlxalq hüququn iri subyektlərinin güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək prinsiplərinin beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapmasına baxmayaraq, çəkinmədən pozuntusuna yol verməsi, dünyada tədricən hərbi ritorikaya əsas həll yolu kimi baxılmasının trendə çevrilməsi fonunda dinc dialoq imkanlarının qorunması regional təhlükəsizlik və rifahın yeganə qarantiyası kimi çıxış edir.
Bakı ilə Tehran arasında isə hətta İran ətrafında münaqişə dövründə belə müxtəlif səviyyələrdə kommunikasiyaların davam etməsi, o cümlədən Prezident İlham Əliyevin göstərişinə müvafiq olaraq davamlı şəkildə bu ölkəyə humanitar yardımların göstərilməsi, eyni zamanda beynəlxalq hüququn aliliyinin rəhbər tutulmasına dair çağırışlar, habelə Azərbaycan ərazisindən İrana qarşı hər hansı formada istifadə edilməsinin yolverilməzliyinin praktik mərhələdə bir daha sübut olunması iki ölkə arasında tam yeni bir dövrün başlanması üçün ciddi zəmin formalaşdırıb”.

Bəhruz Məhərrəmov
Deputat qeyd edib ki, heç bir münaqişə əbədi ola bilməz:
“O cümlədən də kifayət qədər sərt ritorikalarla çıxış etmələrinə baxmayaraq, ABŞ və İran arasında atəşkəsin əldə olunması, vəziyyətin nisbətən müsbətə doğru dəyişməsi fonunda artıq İran ətrafında gərginliyin özünün son mərhələlərindən birinə qədəm qoyduğunu demək üçün ciddi əsaslar formalaşıb.
Təbii ki, yeni dövr yeni yanaşmalar tələb edəcək və yalnız ötən dövr ərzində özünü doğrultmuş münasibətlər, habelə sağlam dialoq imkanlarına malik tərəflər yeni dövrdə uğurlu əməkdaşlıqdan danışa bilər. Bakı və Tehran arasında əvvəl də qeyd etdiyimiz kimi intensiv dialoqun qorunması istər dinc qonşuluq münasibətləri, istər regional təhlükəsizlik məsələləri, istərsə də beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin aliliyinin təmin olunması baxımından önəmli perspektiv vəd edir”.
Turan Rzayev
Globalinfo.az