9bb1bbed 20cf 488f ad4a 3982d8480850

İranla ABŞ arasında atəşkəsin elan olunduğu açıqlandıqdan sonra hücum xəbərlərinin yayılması narahatlıq doğurub. Son 24 saat ərzində atəşkəs bir neçə dəfə pozulub. Həm beynəlxalq, həm də yerli ekspertlər artıq razılaşmanın davamlı olmayacağı barədə fikirlər səsləndirirlər. Məsələ sülhə doğru addımdır, yoxsa tərəflərə vaxt qazandırmaq məqsədilə əldə olunan qısa müddətli razılaşma, hələlik aydın deyil.

Atəşkəsin pozulması İranla ABŞ-İsrail birliyi arasındakı bu razılaşmanın etibarlılığına necə təsir edir?

Globalinfo.az-a danışan Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib ki, bəzi ziddiyyətlər ölkələr arasında heç zaman tam həll olunmayacaq:

“Vəziyyət isə bu və ya başqa formada yoluna qoyulur. Biz görürük ki, dünən müharibə edən ölkələr və xalqlar bu gün sülh içində yaşayırlar. Hətta elə ölkələr var ki, arasında heç müharibə olmayıb.

Yaxın Şərq özünəməxsus xüsusiyyətlərə malikdir, sivilizasiyalar arasına yerləşən mürəkkəb coğrafiyanı əhatə edir. Həm dini, həm etnik baxımdan oxşar və fərqli qruplar bu regionda yaşayır. Ona görə də aralarında ziddiyyətlərin olması başa düşüləndir.

Eyni zamanda, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və İran kimi ölkələr həm regionda tərəzi rolunu oynayırlar, həm də bölgədəki prosesləri tənzimləyirlər. İsrail ilə İran arasındakı ziddiyyət yeni deyil. Bu ziddiyyətləri çətinliklə aradan qaldırmaq olar, çünki prosesin kökünə endikdə həllin mürəkkəbliyi görünür. Ümumiyyətlə, ortaq məxrəcə gəlmək, kompromis əldə etmək üçün əvvəlcə ordunun əməli addımlar atması lazımdır.

zaur memmedov yeni 1
Zaur Məmmədov

Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Hər iki tərəf qalib gələcəyini düşünür. Amma reallıq ondan ibarətdir ki, tərəflərin heç birinin ordusu üstünlüyə malik deyil. Eyni məsələni ABŞ, İsrail və İran üçün də deyə bilərik. Üstünlük ABŞ-da olsa da, müharibə göstərdi ki, ordu qarşıya qoyulan tələbləri tam yerinə yetirməyib. Yekun sülh üçün kapitulyasiya lazım deyil. Bu məsələdə isə kapitulyasiyadan bəhs etmək mümkün deyil. Atəşkəs imzalanıb, lakin tərəflərdən heç biri tam qalib gəlməyib.

Danışıqlar başlanır və bu, uzun müddət çəkəcək. Nəticəsi də müharibədən fərqli olmayacaq. Yəni tərəflər ortaq məxrəcə çətinliklə gələ biləcəklər.”

Turan Rzayev
Globalinfo.az

Paylaş: