İranın Naxçıvana dron hücumu regionda gərginliyi daha da artırıb və beynəlxalq reaksiyalarla bağlı suallar yaradıb. Xüsusilə ABŞ və İsrailin bu hadisəyə münasibətinin necə olacağı, rəsmi bəyanat verilib-verilmədiyi diqqət mərkəzindədir.
Globalinfo.az-a danışan Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov deyib ki, terror əməlində eyni vaxtda dörd tərəf iştirak edir:
“Bu, onu digər cinayət növlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Birincisi təşkilatçı, ikincisi icraçı, üçüncüsü qurbanlar, dördüncüsü isə sağ qalanlardır. Nə qədər qəribə səslənsə də, həm təşkilatçıların, həm də icraçıların birbaşa hədəfi qurbanlar deyil. Onların əsas məqsədi sağ qalan insanlara mesaj verməkdir. Diqqət yetirsək görərik ki, hadisə baş verdikdən dərhal sonra SEPAH sosial şəbəkələrdə bu addımın Azərbaycana xəbərdarlıq mesajı olduğunu yazdı. Bu isə terror aktlarının mahiyyətini bir daha təsdiqləyir. Belə əməllər adətən siyasi motiv daşıyır. Bu açıqlama faktiki olaraq göstərir ki, İran Azərbaycana qarşı həyata keçirilən terror aktında iştirakını dolayısı ilə etiraf edib. Hadisə Azərbaycan dövlətinin İrana qarşı illər ərzində sərgilədiyi xoş münasibət və xeyirxah addımlar fonunda baş verib. Ona görə tamamilə qəbuledilməzdir”.
Elman Nəsirov
Deputat vurğulayıb ki, İsrail Xarici İşlər Nazirinin müavini Şaren Haskel Naxçıvan hava limanına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsini pisləyən paylaşım edib:
“O, bu hadisəni İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsi kimi qiymətləndirdi. Vaşinqton və İsrail hazırda İran hakimiyyəti ilə faktiki qarşıdurma vəziyyətindədir və bu ölkəyə zərbələr endirirlər. Bu baxımdan İranın Azərbaycana qarşı bu hücumu Vaşinqton və Təl-Əvivdə belə bir qənaət formalaşdırıb ki, mövcud İran hakimiyyəti hətta yaxın, mehriban qonşuluq münasibətlərində olduğu dövlətlərə qarşı da fərq qoymur və onlara qarşı terror aktı həyata keçirməkdən çəkinmir. Ümumiyyətlə, Azərbaycanın hazırda ayrı-ayrı dövlətlərin hərbi dəstəyinə ehtiyacı yoxdur. Çünki güclü dövlətdir və etibarlı müttəfiqlərə malikdir. Ona görə də ölkəmiz üçün mənəvi və siyasi dəstək xüsusilə önəmlidir”.
Millət vəkili bir çox ölkə liderlərinin Azərbaycan Prezidentinə zəng edərək həmrəyliklərini və dəstəklərini ifadə etdiklərini də əlavə edib:
“Onlar İranın bu addımını pislədiklərini bildiriblər. Fikrimcə, ölkə başçısının bütün Silahlı Qüvvələr üçün bir nömrəli səfərbərlik elan etməsi artıq öz təsirini göstərib. Azərbaycanın güclü müttəfiqləri var və qardaş Türkiyənin Prezidenti Rəcəp Tayyip Ərdoğan da İrana açıq şəkildə xəbərdarlıq edib, Ankaranın Bakının yanında olduğunu vurğulayıb. Ən əsası isə dövlət rəhbərimizin prinsipial və qətiyyətli mövqeyi, həmçinin Azərbaycan xalqının öz Prezidenti ətrafında nümayiş etdirdiyi monolit birlikdir. Bu, hər şeydən güclüdür. Hesab edirəm ki, bunun özü İrana verilən ən ciddi mesajdır”.
Qeyd edək ki, İranın Azərbaycana qarşı dron hücumunu pisləyən ölkələr sırasında yer alanlar: Türkiyə, Fransa, Qazaxıstan, Ukrayna, İordaniya, Küveyt, İsrail, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Latviya, Gürcüstan, Moldova, Qətər, Estoniya, Suriya, Niderland, Belçika, Litva, Monteneqro, İtaliya, İspaniya, Misirdir.
Ləman İmran
Globalinfo.az