baki vasqinton

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə Azərbaycanın heç vaxt toqquşma yeri olmayacağını, əməkdaşlıq məkanı olacağını vurğulayıb. Dövlət başçısının bu açıqlaması qlobal güclərə birbaşa mesaj kimi dəyərləndirilir.

Analitiklər hesab edir ki, İran ətrafında baş verən gərginlik fonunda sözügedən fikirlərin ifadə edilməsi mühümdür. Bu, Azərbaycan Prezidentinin ölkənin plasdarm olmasına imkan verməyəcəyi deməkdir.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Ticarət Palatasının nümayəndələrinin Azərbaycana səfəri ölkənin investisiya mühiti ilə yaxından tanış olmaq və gələcəkdə mümkün yatırımlar üçün zəmin yaratmaq məqsədini daşıyır:

“Bu səfər ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Vaşinqton məhz bu səfər vasitəsilə Azərbaycanla ticarət əlaqələrini gücləndirmək və TRIPP layihəsi çərçivəsində regionda daha fəal rol oynamaq niyyətindədir.

Proseslər göstərir ki, ABŞ Azərbaycanla yalnız siyasi deyil, həm də iqtisadi sahələrdə fundamental əməkdaşlıq qurmaq istəyir. Bu əməkdaşlığın mərkəzində iqtisadi və ticarət məsələləri dayanır. İki ölkə birgə yeni layihələr üzərində işləyə və onları reallaşdıra bilər, bu isə gələcək üçün mühüm perspektivlər açır. Nümayəndə heyətinin apardığı danışıqların müsbət nəticələr verəcəyi gözlənilir.

mehemmed esedullazadeee 900x574 2
Məhəmməd Əsədullazadə 

ABŞ investisiyalarının Azərbaycana cəlb olunması ölkənin iqtisadi inkişafına əhəmiyyətli təkan verə bilər. ABŞ kimi nəhəng bir ölkənin iqtisadi imkanları Azərbaycanın iqtisadi perspektivləri üçün böyük bir avantajdır. Azərbaycan bu fürsətdən səmərəli istifadə etməli, Vaşinqton üçün əlverişli iş və investisiya mühiti yaratmalıdır. Bu yanaşma həm ölkənin daxili inkişafını sürətləndirəcək, həm də regionda strateji iqtisadi mövqeyini gücləndirəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: