Son illər xərçəng xəstəliyinə yoluxan insanların sayında artım müşahidə olunur. Bəzi ekspertlər hesab edirlər ki, xərçəngin yayılmasında əsas amillərdən biri gündəlik qəbul etdiyimiz qidalar, eləcə də müalicə məqsədilə istifadə olunan müəyyən dərmanlardır. Xüsusilə hazır və emal olunmuş məhsulların, kimyəvi qatqıların, habelə nəzarətsiz dərman istifadəsinin sağlamlığa ciddi risklər yaratdığı vurğulanır.

Doğrudanmı qəbul etdiyimiz qida və dərmanlar xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər?

Globalinfo.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, xərçəng xəstəliyinin yaranma səbəbini yalnız bir amillə izah etmək mümkün deyil:

“Məsələni ancaq qidaya bağlamaq düzgün deyil. Burada bir neçə əsas faktor var. Birincisi, genetik meyillikdir. Yəni ailəsində xərçəng xəstəliyi olan insanlarda risk daha yüksək olur. Bundan əlavə, ətraf mühit amilləri də mühüm rol oynayır. İqlim dəyişikliyi, havaya buraxılan zərərli qazlar, sənaye tullantıları, istixana effektinə səbəb olan maddələr və sair bu sırada yer alır. Bəzən zərərli qidalanma vərdişləri insan həyatı üçün ciddi təhlükə yaradır. “Fast food” məhsulları, emal olunmuş qidalar, hisə verilmiş məhsullar, çox qızardılmış yeməklər risk yaradan qida qruplarına daxildir. Məsələn, bir insan kabab yeyir, sonra xəstələnir və deyir ki, “ət zərərlidir”. Halbuki məsələ tək bir qidada deyil, ümumi həyat tərzində və balanssız qidalanmadadır. Bəzi insanlar demək olar yalnız “fast food”, yaxud müntəzəm olaraq kolbasa, sosiska, hisə verilmiş ət və balıq məhsulları istehlak edir. Bu, istehsalçının və ya satıcının günahı deyil. Çünki heç kim “bir kilo kolbasanı bir dəfəyə yeyin” demir. Məsələ normanı aşan istehlakdadır”.

aga

Ağa Salamov

Ekspert bildirib ki, qida qatqı maddələri müəyyən dozada icazəlidir:

“Hisə verilmiş və çox qızardılmış məhsullarda xərçəng riskini artıran maddələr mövcuddur. Bu cür qidalar mütəmadi və uzunmüddətli istifadə edildikdə sözügedən xəstəliyə yoluxma ehtimalını artırır. Konservantlar, trans yağlar, hidrogenləşdirilmiş yağlar (məsələn, marqarin və bəzi bitki yağları) da risk yaradan amillərdir. Ona görə də insanlar zərərli qidalanmadan uzaq durmalı və balanslı qidalanmaya üstünlük verməlidirlər. Yəni mövsümündə yetişən təbii meyvə və tərəvəzlər gündəlik rasionda olmalıdır. Emal olunmuş ət məhsulları, kolbasalar, hisə verilmiş balıq və ət məhsulları isə mümkün qədər az istifadə edilməlidir”.

Mütəxəssisin sözlərinə görə, gündəlik rasionda şorbaların olması çox vacibdir:

“Tərəvəz, toyuq və ət şorbaları həzm sistemi üçün faydalıdır. Elə insanlar var ki, yalnız quru və qızardılmış yeməklərlə qidalanır, nəticədə müxtəlif şiş xəstəlikləri ilə üzləşirlər. Əgər ət, balıq və ya toyuq məhsulları bişiriləcəksə, qızartma əvəzinə sobada, yağlı kağızda bişirmə üsulu daha sağlamdır. Tam qızartmaq əvəzinə yüngül bişirmək, ədviyyatlarla dadlandırmaq tövsiyə olunur. Qızartmalar və işlənmiş ət məhsulları mütəmadi istifadə edilməməlidir. Quru meyvələr və çərəzlər də profilaktik baxımdan faydalıdır. Məsələn, qara kişmiş antosiyanin maddəsi ilə zəngindir və güclü antioksidant təsirə malikdir. Bəzən bu maddəni “gənclik sirri” də adlandırırlar, çünki hüceyrələri qoruyur və yenilənməsinə kömək edir. Şəkər, rəngli şirniyyatlar və süni qatqılı məhsullar isə “boş karbohidratlar” hesab edilir, onlardan uzaq durmaq lazımdır.

Ümumiyyətlə, bir-iki şirniyyat yemək problem deyil, amma bir kiloqram rəngli şirniyyatı gündəlik vərdişə çevirmək artıq ciddi riskdir. Sağlam qida vacibdir. Nəticə etibarilə, düzgün və balanslı qidalanmamaq, qeyri-sağlam həyat tərzi sürmək zamanla xərçəng və digər şiş xəstəliklərinin yaranmasına zəmin yaradır. Ona görə də insanlar zərərli qidalardan uzaq durmalı, təbii, mövsümi və balanslı qidalanmaya üstünlük verməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: