Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir.
Dövlət başçısı həmçinin Azərbaycan daxilində potensial risklərin mövcud olmadığını vurğulayıb. Prezident bütün potensial risklərin kənardan qaynaqlana biləcəyini və Bakının bu səbəbdən hər zaman qonşu ölkələrdə sabitliyi olmasını düşündüyünü deyib.
İlham Əliyev Azərbaycanın İranda baş verən müəyyən qeyri-sabitlikdən narahat olduğunu qeyd edib. O bildirib ki, bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.
Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan Respublikası ümumbəşəri dəyərləri və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla dövlətlərarası münasibətlərin sağlam və əməkdaşlıq formatında qurulmasında maraqlıdır və özünün çoxvektorlu xarici siyasət kursunda bu prioritetləri hər zaman aydın formada büruzə verib:
“O cümlədən də dövlətimiz regionda, xüsusən qonşu ölkələrdə vəziyyətin sabitliyinə özünün təhlükəsizliyinin mühüm elementi kimi yanaşır. Çünki möhtərəm Prezidentin “Euronews”a müsahibəsində də ifadə etdiyi kimi Azərbaycan daxilində bizə münasibətdə heç bir təhdid yoxdur. Dövlət başçımız daha öncə də dəfələrlə bildirmişdi ki, bizə yönələn əsas təhdidlər sərhədlərdən kənarda formalaşan situasiyalarla bağlı ola bilər. Bu mənada yaxın qonşularımızda, o cümlədən İranda baş verən hadisələri, təbii ki, rəsmi Bakı diqqətlə izləyir.

Bəhruz Məhərrəmov
Biz istənilən halda proseslərin dinc yolla, İran dövlətinin və xalqının maraq və mənafelərinə, o cümlədən beynəlxalq hüququn və ümumbəşəri dəyərlərin tələblərinə müvafiq olaraq inkişafında maraqlıyıq. Eyni zamanda onu da unutmamalıyıq ki, Azərbaycan Respublikasının bu mövqeyi ciddi praktik addımlara əsaslanır. Daha dəqiq desək, Azərbaycan Respublikası öz ərazisindən digər subyektlərin qonşularımız əleyhinə imkan verməmiş, regionda sabitlik ehtiva edən bütün formatlara açıq dəstək vermişdir”.
Turan Rzayev
Globalinfo.az