“Bəzi blogerlərə demək istəyirəm ki, yalandan Şahin Tağıyevin qocalar evində vəfat etdiyini yazmasınlar”.
Bu sözləri Globalinfo.az-a Milli Qəhrəman Şahin Tağıyevin dayısının qızı Sümuzər Xalıqova deyib.
Onun sözlərinə görə, Milli Qəhrəman müharibə zamanı iki dəfə kantuziya alıb:
“Şahin müharibə görmüş adam idi. İki il öncə infarkt, daha sonra isə iki dəfə insult keçirdi. Övladları onu müalicə etdirmək üçün reabilitasiya mərkəzinə yerləşdirmişdilər. Reabilitasiya bərpa mərkəzidir, qocalar evi deyil. Şahin nitqini itirmişdi, hərəkət edə bilmirdi. Oğlu və qızı əllərindən gələni edirdilər ki, heç olmasa ataları yenidən yeriyə bilsin. Hamı insult keçirmiş insanın vəziyyətinin necə olduğunu bilir. Şahinin qeyrətli, namuslu, vətənpərvər övladları var”.
Sümuzər Xalıqova dəfn mərasimi zamanı dövlət tərəfindən lazımi dəstəyin göstərildiyini də vurğulayıb:
“İlk növbədə ölkə başçısına, Müdafiə Nazirliyinə, Dövlət Sərhəd Xidmətinin rəisinə və Sərhəd Nəzarət Komandanlığına təşəkkür edirəm. Bu qurumlar cənazənin ölkəyə gətirilməsi ilə bağlı yaxından maraqlanır, narahatlıq göstərirdilər. Yeni il ilə əlaqədar İsveçdə qeyri-iş günü olduğu üçün proses bir qədər uzandı”.
Zaira Akifqızı
Globalinfo.az