Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son açıqlaması birmənalı qarşılanmayıb. O deyib ki, ABŞ gecikərsə, Qrenlandiyada Rusiyaya birləşmə ilə bağlı qəfil referendum keçirilə bilər.
Analitiklərin fikrincə, bu, Kremlin ABŞ-ın Qrenlandiyanı ilhaq etməsini dəstəkləməsi mənasına gəlir.
Rusiyanın bunda marağı nədir və Dmitri Medvedyevin açıqlaması nəyə hesablanıb?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Qrenlandiyada Rusiyaya birləşmə ilə bağlı qəfil referendumun keçirilməsi inandırıcı görünmür:
“Qrenlandiya əhalisinin belə bir istəyi yoxdur və indiyə kimi buna dair heç bir informasiya görməmişəm. Digər tərəfdən, ABŞ Qrenlandiya ilə bağlı xüsusi plan hazırlayıb. Məsələn, Marşal adaları, Mikroneziya ilə ABŞ arasında xüsusi sazişlər var. Bu sazişlərə görə ABŞ-ın üstünlüyü tanınır, lakin həmin ölkələr eyni zamanda suveren qalır və BMT üzvüdürlər. Görünür, Qrenlandiya ilə bağlı da belə bir plan mövcuddur.

Elmar Məmmədyarov
ABŞ-ın tələsməməsinin səbəbi isə Avropa İttifaqı və Danimarkanın mövqeyini nəzərə almasıdır. Dmitri Medvedyevin açıqlaması isə, görünür, sadəcə qızışdırıcı xarakter daşıyır. Mən Rusiyanın belə bir hədəfi və marağı olduğunu düşünmürəm”.
Turan Rzayev
Globalinfo.az