Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında keçirilən plenar iclasda çıxışı zamanı bildirdi ki, “Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil”.
Prezidentin bu çıxışı faktiki olaraq Bakının heç bir halda separatçı “liderlər” Ruben Vardanyan, Araik Arutyunyan ilə danışıqlara getməyəcəyi, onların varlığını qəbul etməyəcəyini göstərir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Prezidentin bu mövqeyində, əslində, yeni heç nə yoxdur:
Asif Nərimanlı
“Məsələ ondadır ki, rəsmi Bakı Araik Arutyunyan və Ruben Vardanyanı qəbul etməyəcəyini açıq şəkildə elan etmişdi. Burada diqqətçəkən əsas məsələ Prezidentin Rusiyanın Ruben üzərindən inteqrasiya prosesini nəzarətə götürmək və öz maraqlarını yeritmək cəhdinə imkan verilməyəcəyini bildirməsidir.
Hərçənd Prezidentin “erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri” sözləri perspektivdə Bakının demoqrafik siyasətinin də əsasını təşkil edə bilər”.
Ekspert bildirib ki, işğal dövründə Ermənistan tərəfindən demoqrafik vəziyyətə təsir etmək məqsədilə Qarabağa bölgədə doğulmamış ermənilərin köçü həyata keçirilib:
“Müharibədən sonra belə ermənilərin hələ də Qarabağda olduğu istisna deyil. O cümlədən, Rusiyanın əhalinin sayını artırmaq üçün Qarabağa daşıdığı ermənilər arasında bölgədə doğulmayanları, ümumiyyətlə burada yaşamamış şəxsləri gətirdiyi də bəllidir. Hərçənd arxivdə işğal dövrünə qədər Azərbaycan vətəndaşı olmuş ermənilərin siyahısının olduğu istisna deyil. Üzərindən 30 il keçsə də, həmin şəxsləri və onların övladlarını müəyyənləşdirmək mümkündür. Qarabağda məhz bu ermənilərin yaşamaq hüququ olmalıdır. Söhbət həm də təkcə Qarabağda doğulanlardan yox, doğulduqdan sonra ömrü boyu burada yaşamış ermənilərdən gedir.
Gözlənilir ki, Bakının Qarabağa dair demoqrafik siyasətində bu prinsip tətbiq ediləcək”.
Turan Rzayev
Globalinfo.az














