1878733

“Son iki ay ərzində Türkiyənin təhlükəsizlik və xarici siyasət mühitində baş verən hadisələr sadəcə ayrı-ayrı insidentlər kimi deyil, bir-birini tamamlayan və eyni strateji kontekstdə oxunan proseslər kimi qiymətləndirilməlidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Liviyanın Baş Qərargah rəisi, general Məhəmməd Əli əl-Həddadın təyyarəsinin Türkiyə hava məkanında qəzaya uğramasını şərh edərkən deyib:

Politoloq son zamanlarda Türkiyəyə qarşı yönələn hərəkətlərin ard-arda müşahidə edildiyini bildirib:

“11 noyabrda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus Lockheed C-130 “Herkules” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə başlayan bu zəncir, dekabrın 12-də Türkiyəyə məxsus ticarət gəmisinə endirilən zərbə, bu ay ərzində bir neçə dəfə ölkənin hava məkanına naməlum dronların daxil olması və nəhayət, 23 dekabrda Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu təyyarənin Ankardan Tripoliyə uçuş zamanı qəzaya düşməsi ilə daha da dərinləşdi. Hadisələrin coğrafiyası, hədəflərin xarakteri və zaman ardıcıllığı bu olayların təsadüfi olmadığını deməyə əsas verir.

Məhəmməd əl-Həddadın olduğu təyyarə qəzası Türkiyənin regional müttəfiqləri ilə qurduğu siyasi-hərbi əlaqələrin hədəfə alındığını göstərir. Yəni söhbət bir sahədə deyil, paralel şəkildə bir neçə kritik istiqamətdə təzyiq elementlərinin formalaşmasından gedir. Xüsusilə Liviya faktoru bu hadisələr zəncirində əsas yer tutur. Türkiyənin Liviyada legitim hökumətlə qurduğu əməkdaşlıq təkcə ikitərəfli münasibət deyil, eyni zamanda Aralıq dənizi enerji balansı, Şimali Afrikada güc bölgüsü və regional təsir mübarizəsinin əsas sütunlarından biridir. Məhəmməd əl-Həddad isə bu əməkdaşlığın ən etibarlı simalarından biri kimi tanınırdı. Onun Türkiyə ilə yaxın əlaqələri, Ankaraya siyasi və hərbi baxımdan loyal mövqeyi Liviyadakı bir çox daxili və xarici aktorları narahat edən amil idi. Bu baxımdan onun olduğu təyyarənin qəzaya uğraması sıradan aviasiya hadisəsi kimi görünmür”.

1671105283 qabil huseynli
Qabil Hüseynli 

Politoloq qeyd edib ki, dekabr ayı ərzində Türkiyə hava məkanına bir neçə dəfə dronların daxil olması da təsadüfi deyil:

“Müasir hərbi doktrinalarda dronlar kəşfiyyat vasitəsi olmaqla yanaşı, psixoloji təzyiq və hava hücumundan müdafiə sistemlərinin reaksiyasını ölçmək üçün də istifadə olunur. Bu cür sızmalar birbaşa hücumdan daha çox “sınaq” xarakteri daşıyır və qarşı tərəfə mesaj vermək məqsədi güdür. Mümkündür ki, Türkiyənin hava təhlükəsizliyi daimi nəzarət altındadır və istənilən anda zəif nöqtələr yoxlana bilər.

Bütün bu hadisələrin eyni zaman dilimində baş verməsi Türkiyənin son dövrlər artan regional roluna qarşı formalaşan narahatlığın real təzahürü kimi də oxunur. Ankara həm Yaxın Şərqdə, həm Şimali Afrikada, həm də Qara dəniz hövzəsində müstəqil və aktiv xətt yürüdür. Bu isə mövcud güc balansından faydalanan bəzi aktorlar üçün arzuolunan deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: