Türkiyədə güclü zəlzələ nəticəsində yaranan dağıntılar tikinti ilə bağlı mövzunu aktual edib. Baş verən faciədən sonra bəzi tikinti şirkəti sahibləri həbs edildi. Məsələ ilə bağlı artıq müxtəlif ölkələrdə tikinti sektoruna nəzarətin artacağı gözləniləndir. Bəs ölkəmizdə tikintiyə icazə ilə bağlı prosedur hansı formada həyata keçirilir?
Globalinfo.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov ölkəmizdə tikintiyə icazə prosedurunu belə izah edib:
Nüsrət İbrahimov
“Azərbaycanda tikinti üçün ilk növbədə torpaq alınır, ərazidə geodeziya işləri aparılır, süxur və s. öyrənilir ki, burada hansı ağırlıqda nə tikmək olar. Və rəy hazır olandan sonra onun əsasında memar tikinti layihəsini hazırlayır. Həmin layihə razılaşdırılması üçün müvafiq qurumlara – Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarına, kommunal xidmətlər göstərən orqanlara göndərilir. Sonda da Bakı Şəhər İcra Hakimiyyətinə və regionlarda isə yerli icra hakimiyyətlərinə göndərilir. Tikintiyə icazə sənədi alınandan sonra işə başlanılır. Bu mərhələdə də hər mərtəbənin tikintisində müvafiq qurumlar, xüsusilə FHN materiallara, betonun tərkibinə, yaxud digər tikinti elementlərinə, tikintinin konstruksiyasına baxıb rəy verəndən və müvafiq jurnalda qeydiyyat aparıldıqdan sonra növbəti mərtəbə tikilir. Binanın inşası başa çatandan sonra FHN, şəhər icra hakimiyyətinin nümayəndəsi, kommunal xidmətlər göstərən qurumlar tikintiyə baxış keçirirlər. Bu zaman tələb olunan sənədlər təqdim edilir və hər şey qaydasındadırsa, tikinti istismara qəbul olunur və müvafiq sənədləşmə işi aparılır”.
Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən açıqlamada bildirilib ki, tikintiyə və istismara icazənin sadələşdirilməsindən ötrü “bir pəncərə” elektron xidmətlərinə keçilib. Və bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmalıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Globalinfo.az-a bildirib ki, dövlət başçısının müvafiq fərmanına əsasən 2018-ci ilin avqust ayından etibarən Bakı şəhərində aidiyyatı qurumların rəyləri əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikinti obyektlərinin tikintisinə və istismarına icazə verilir:
Ramiz İdrisoğlu
“Tikintiyə icazə icraatı çərçivəsində ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun olaraq Komitə tərəfindən şəhərsalma əsaslandırılması təsdiq olunur. Sonra tikinti layihələrinin memarlıq planlaşdırma bölmələrinin şəhərsalma əsaslandırılmasına uyğunluğuna dair rəy verilir və tikinti layihələrinin memarlıq planlaşdırma həllərinə baxılaraq razılaşdırılır”.
O, qeyd edib ki, tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinə aidiyyatı dövlət qurumları tərəfindən baxılaraq həmin layihələrin etibarlılıq, təhlükəsizlik və digər texniki göstəricilər baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu yoxlanılır və müvafiq rəylər təqdim olunur. Buna əsasən, aidiyyəti qurumların müsbət rəyləri də nəzərə alınmaqla obyektin tikintisinə icazə verilir.
Gülnar Səlimova