Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda “Afen” plazada partlayış olub. Hadisə ilə bağlı təfərrüatlar hələ açıqlanmasa da, binanın sahibi Əbülfəz Əliyev binada qaz balonunun olmadığını deyib. Onun sözlərinə görə, partlayış təmir işləri aparılan ərazidə torpağın altındakı qaz sızmasına görə baş verib və binanın daxilində belə məsələ qeydə alınmayıb.
Əgər həmin ərazidən qaz kəmərinin keçdiyi təsdiqlənsə, tikintiyə icazə verən qurumlar məsuliyyətə cəlb oluna bilərmi?
Globalinfo.az-a danışan vəkil Ceyhun Yusifov deyib ki, əgər tikinti prosesi qanunauyğun şəkildə həyata keçirilibsə, baş verən hadisənin birbaşa bununla əlaqələndirilməsi düzgün deyil:
“Söhbət yeraltı qaz sızmasından gedir və bunun həmin tikilinin inşası ilə texniki əlaqəsinin olub-olmaması məlum deyil. Hazırda dəqiq ekspertiza rəyi yoxdur və hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Partlayışın magistral qaz kəmərində sızma nəticəsində və ya ərazidə aparılan tunel qazıntısı zamanı tikinti norma və qaydalarına riayət edilməməsi səbəbindən yaşandığı ehtimal olunur. Bu məsələlər üzrə müvafiq ekspertizalar aparıldıqdan sonra olayın mahiyyəti və səbəbləri daha dəqiq şəkildə müəyyən ediləcək”.
Ceyhun Yusifov
Vəkil əlavə edib ki, əgər həmin ərazidən magistral qaz kəməri keçirsə və tikinti bu kəmərin mühafizə zolağında aparılıbsa, bu, qanunla qadağandır və hüquqi məsuliyyət yaradır:
“Hətta belə hallarda Cinayət Məcəlləsinin tələbləri də tətbiq oluna bilər. Lakin hazırda tikilinin magistral kəmərin mühafizə zolağına düşüb-düşmədiyi məlum deyil”.
Zaira Akifqızı
Globalinfo.az