Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***10:28
Bu gün saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə Globalinfo.az-a KTM-dən məlumat verilib.
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
***10:12
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Afen” plazada ilkin ehtimala görə, partlayış birinci mərtəbədə baş verib.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un hadisə yerində olan əməkdaşı məlumat verir.
Belə ki, partlayış nəticəsində 5 mərtəbəli binanın bütün mərtəbələrində dağıntı müşahidə olunur.
X X X
Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
***09:55
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.
Globalinfo.az xəbər verir ki, partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
***09:35
REAL TV-nin məlumatına görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.
X X X
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
X X X
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
