Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyev barəsində cinayət işi açılıb. O, dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilir. Bu maddələrin sanksiya həddi, ona verilə biləcək cəzanın miqyası, eləcə də hansı tipli cəzaçəkmə müəssisəsində saxlanılacağı məsələsi ictimaiyyətdə sual doğurur.
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən maddələrlə sanksiya müddəti maksimum 20 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur:
“Əgər istintaq orqanları sübut etsələr ki, Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər edib və bu, dövlətə xəyanət kimi qiymətləndirilib, məhkəmə qərarı ilə ona ən azı 15 il həbs cəzası verilə bilər.
Yaş amili nəzərə alınaraq ömürlük cəza variantı da istisna deyil. Lakin əgər məhkəmə onun bu cinayətləri törətdiyini müəyyən etsə, o zaman xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməli olacaq”.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Məhkəmə onun barəsində verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ləman İmran
Globalinfo.az