“Yeni tarix yazılmaqdadır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni bir dövr başlayır və biz bu tarixin parlaq səhifələrinin şahidiyik.”
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında sədr müavini Əli Əhmədov səsləndirib.
Deputat bildirib ki, Azərbaycan regionda yeni tarixin yazılması kimi mühüm və məsuliyyətli bir missiyanı öz üzərinə götürüb:
“Vaşinqtonda keçirilən görüş və imzalanan bəyannamə bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Hər bir dövlətin gücü və nüfuzu əsasən üç amillə — iqtisadiyyat, ordu və diplomatiya ilə ölçülür. Bu görüşədək Zəngəzur dəhlizinin reallaşacağına şübhə ilə yanaşanlar və layihəyə əngəl törətməyə çalışanlar olsa da, bu gün onların səyləri uğursuzluqla nəticələnib”.
“Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Zəngəzur dəhlizi Azərbaycanın yeni tarixində parlaq bir missiya daşıyacaq. Bu layihə, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi” qədər strateji və nüfuzlu olacaq. Necə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin adı ilə bağlıdır, Zəngəzur dəhlizi də İlham Əliyevin adı ilə xatırlanacaq,” — deyə sədr müavini qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az