Azərbaycan Ukraynaya qaz tədarükünə başlayaraq 30 illik əlaqələr tarixindıə Kiyevlə enerji əməkdaşlığını yeni mərhələyə keçirir. Artıq Ukraynanın “Naftoqaz” şirkəti ilə SOCAR arasında ilk qaz alqı-satqı müqaviləsi imzalanıb. Sınaq partiyası Rusiyadan yan keçən Trans-Balkan marşrutu ilə Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılacaq.
Analitiklərin fikrincə, hazırkı geosiyasi reallıqlar fonunda bu cür radikal qərar məntiqli görünür. Azərbaycan artıq bir neçə ildir ki, Balkan ölkələrinə qaz ixrac edir. O cümlədən, Avropa İttifaqı da Rusiya qazından imtina edərək ABŞ və Azərbaycan kimi alternativ tədarükçülərə üz tutur. Nəticədə isə ölkəmiz Avropa qaz bazarında əsas soyunçulardan birinə çevrilir.
Azərbaycanın qaz ehtiyatları tədarük miqyasını genişləndirmək və həcmini artırmaq üçün nə dərəcədə yetərlidir?
Globalinfo.az-a danışan Enerji və Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, 2021-ci ildə Ukraynanın illik qaz istehlakı 27 milyard kub metr təşkil edirdi:
“Bu həcmin təxminən 20 milyard kub metrininin istehsalını Ukrayna özü həyata keçirirdi. Qalan 7 milyard kub metrdən bir qədər artıq hissəni isə Avropa ölkələrindən idxal edirdi. Hazırda müharibə nəticəsində ölkədə qaz istehlakı azalıb və 2024-cü ildə bu rəqəm 18 milyard kub metrə düşüb. Eyni zamanda, istehsalda da azalma müşahidə olunur — təxminən 10 milyard kub metrə qədər geriləyib.
Ukraynaya test rejimində verilən qazın kommersiya sazişinə çevrilməsi və uzunmüddətli müqavilənin imzalanması məsələsində Azərbaycanın hansısa ölkəni tam şəkildə qazla təmin etmək öhdəliyi yoxdur. Bu məsələyə qonşu Gürcüstan nümunəsində baxa bilərik. Gürcüstanın illik qaz istehlakı 3 milyard kub metrə yaxındır, lakin Azərbaycan bu tələbatın yalnız 2,5 milyard kub metrini qarşılayır. Qalan hissə isə Rusiyadan alınır.

İlham Şaban
Bu il Azərbaycanın Ukraynaya 1 milyard kub metr qaz ixrac etmək imkanı varsa, onu da verə bilərik. Beş ildən sonra bu göstərici 3 milyard kub metrə yüksələrsə, o zaman uyğun müqavilə imzalanar. Yəni məsələnin mahiyyəti bundan ibarətdir”.
Qeyd edək ki, 2025-ci ilin yanvarın 1-də Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırılıb. Buna səbəb Moskva ilə Kiyev arasında mövcud tranzit müqaviləsinin müddətinin başa çatması olub.
Safura Bənnayeva
Globalinfo.az