ABŞ administrasiyası Qəzza zolağında atəşkəslə bağlı aparılan danışıqlarda iştirakını müvəqqəti olaraq dayandırıb.
Globalinfo.az xəbər verir ki, rəsmi Vaşinqton bu qərarla əlaqədar Dohada yerləşən nümayəndə heyətini geri çağırıb.
ABŞ-ın danışıqlardakı xüsusi elçisi Stiv Vitkoff (Steve Witkoff) məsələ ilə bağlı mediaya açıqlamasında bildirib ki, HƏMAS-ın son təqdim etdiyi cavab sənədi təşkilatın atəşkəsə nail olmaq niyyətində olmadığını açıq şəkildə göstərir:
“Mövcud cavab HƏMAS-ın kompromisə getmək və müharibəni bitirmək istəmədiyini təsdiqlədi. Bu, ciddi diplomatik irəliləyişin mümkünsüzlüyünü göstərdi”.
Danışıqlarda vasitəçi qismində çıxış edən Qətər və Misirin səylərinə baxmayaraq, son həftələrdə tərəflər arasında əsas məsələlər üzrə ciddi fikir ayrılıqları qalır. ABŞ rəsmiləri vəziyyəti qiymətləndirmək üçün müvəqqəti fasilə verdiklərini və gələcək addımların diplomatik mühitə əsasən müəyyənləşdiriləcəyini bildirirlər.
Tahir Turan
Globalinfo.az














