ABŞ Prezidenti Donald Trampın Rusiyanı danışıqlar masasına gətirmək üçün verdiyi 50 günlük vaxt və Ukraynaya silah göndərilməsi qərarı dünyada böyük narahatlıq yaradıb. Bildirilir ki, əsas məqsəd Moskvanı razılaşmağa məcbur etmək olsa da, bəzi müəmmalı suallar hələ də cavabsız qalır. Analitiklərin fikrincə, Vaşinqton Kiyevi silahla təmin etməklə müharibənin uzanmasının və Trampın sülh planının gecikməsinin qarşısını almaq istəyir. Bununla yanaşı, Ağ Ev silah satışından milyardlarla dollar qazanmağı hədəfləyir.
Trampın 50 günlük “pəncərə” ilə bağlı verdiyi açıqlama Rusiya-Ukrayna münaqişəsinə necə təsir edəcək? Moskva bütün arsenalını işə salaraq Kiyevə qarşı işğalçılıq siyasətinin miqyasını böyütsə, ABŞ və Qərbdən hansı reaksiyalar ala bilər?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Moskva Trampın qərarını həm strateji xəbərdarlıq, həm də təzyiq vasitəsi kimi qəbul edir:
“ABŞ yalnız Rusiya iqtisadiyyatına deyil, dolayısı ilə onun əsas ticarət tərəfdaşlarına – Çin, Hindistan və Braziliyaya da təsir etmək niyyətindədir. Bu, əslində yeni növ qlobal iqtisadi təzyiq alətidir. Kreml 50 günlük müddətdə hərbi əməliyyatların miqyasını genişləndirməklə, faktiki şərtləri öz xeyrinə dəyişmək istəyir. Xarkov, Odessa, Dnepropetrovsk və Kiyev kimi əsas şəhərlərin hədəf olaraq göstərilməsi isə bunun təkcə spekulyativ deyil, hərbi-strateji planlara daxil olduğunu deməyə əsas verir”.
Züriyə Qarayeva
Politoloq bildirib ki, Rusiya bu müddət ərzində bütün hərbi imkanlarını səfərbər edərək Ukraynada genişmiqyaslı hücumlara başlayarsa, ABŞ və NATO-nun reaksiyası daha sərt olacaq:
“Prosesin yeni silah sistemlərinin göndərilməsi, kəşfiyyat dəstəyinin artırılması və Moskvaya qarşı daha sərt iqtisadi, texnoloji sanksiyaların tətbiqi ilə nəticələnməsi mümkündür. Eyni zamanda, Qərbin iqtisadi bloklaşma alətləri də dövrəyə girə, bununla da Rusiya ilə beynəlxalq enerji bazarları arasında əlaqə daha da zəifləyə bilər. Beləliklə, Trampın açıqlaması həm diplomatik vaxt ölçüsü, həm də hərbi strateji hədəf baxımından gərginliyi artıracaq, tərəflərin davranış trayektoriyasını kəskin şəkildə dəyişdirəcək”.
Ləman İmran
Globalinfo.az