Tovuz döyüşlərinin beş ili tamam olur. 2020-ci il 12 iyul günü baş verən toqquşma əslində, böyük prosesin başlanğıcı oldu. Azərbaycan xalqı bu döyüşlərdən sonra ayağa qalxdı, dövlətlə birliyin nümunəsini göstərdi. Dövlət–millət birliyi formalaşdı. İnsanlar, “Ali Baş Komandan, silah ver bizə!” şüarları ilə küçələrə axışdı.
Tovuz döyüşləri geopolitik bir zəlzələ yaratdı. Elə bir nəhəng proses başlandı ki, onun təsiri Azərbaycanın sərhədlərini də aşdı. Döyüşlər Tovuzda başlasa da, səsi Qarabağdan Şərqi Zəngəzura, oradan da bütün dünyaya yayıldı. Bunun ardınca Azərbaycanla Türkiyə arasında məsləhətləşmələrə start verildi, iki ölkənin hərbçiləri birgə təlimlər keçməyə başladı. Ankara Bakıya siyasi və diplomatik dəstəyini əsirgəmədi.
General Polad Həşimovun şəhid olması isə bu proseslərə tamamilə yeni bir istiqamət verdi. Azərbaycan xalqı və dövləti onun və silahdaşlarının qisasını almaq üçün tam səfərbər oldu.
Nəhayət, 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlandı.
Globalinfo.az-a danışan deputat Elman Nəsirov bildirib ki, beş il əvvəl baş verən Tovuz döyüşləri Azərbaycan Ordusunun gücünü və potensialını bir daha nümayiş etdirdi:
“Bu döyüşlər göstərdi ki, Azərbaycanda səfərbər olmuş bir cəmiyyət var. Vətəndaş həmrəyliyi hökm sürür. Xalq öz Ali Baş Komandanı ətrafında yumruq kimi birləşib və bu yumruq artıq dəmirə çevrilib. Doğrudur, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ildə Naxçıvandakı lokal toqquşmalarda ordumuz öz gücünü göstərmişdi. Lakin Tovuz döyüşləri nümayiş etdirdi ki, Azərbaycan Ordusu düşməni onun ərazisində belə diz çökdürmək gücünə sahibdir. Amma biz məqsədli şəkildə sərhədlərimizi qorumaqla kifayətləndik”.
Deputatın sözlərinə görə, 27 sentyabrda başlanan Vətən müharibəsində silahdaşları şəhid general Polad Həşimovun qisasını aldı:
“Düşmən nə Aprel, nə Naxçıvan, nə də Tovuz döyüşlərindən nəticə çıxardı. Onun havadarları Ermənistanı arxayın salırdılar ki, qorxma, biz yanındayıq. Amma unutmuşdular ki, bu, artıq 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclüdür və Ermənistan silahlı qüvvələrinin bu gücə tab gətirməsi mümkün deyil. Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi bu reallığı sübut etdi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfərə imza atdı, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi”.
Elman Nəsirov vurğulayıb ki, bu gün Azərbaycan dünyanın ən ləyaqətli dövlətlərindən biridir:
“Xalqımızın alnından xəcalət təri birdəfəlik silinib. Bu gün biz azad edilmiş torpaqların bərpası və quruculuğunu qürurla həyata keçiririk. Bu baxımdan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərini tarixi zəfərə aparan yolun başlanğıcı, mühüm dönüş nöqtəsi və hətta əsas “baş məşq” kimi dəyərləndirmək olar”.
Hərbi ekspert Ədalət Verdiyev Globalinfo-a bildirib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun şanlı zəfər tarixində parlaq səhifədir.
Onun sözlərinə görə, həmin döyüşlərdə Azərbaycan Ordusu bir daha Ermənistan Silahlı Qüvvələri üzərində üstünlüyünü nümayiş etdirdi:
“Azərbaycan müdafiə xarakterli döyüşlərin aparılmasında ciddi nəticələr əldə etdi. Çox sayda düşmən texnikası, şəxsi heyəti və hərbi infrastrukturu məhv edildi. Tovuz döyüşləri bizi böyük qələbəyə aparan yolda müstəsna əhəmiyyətə malik idi. Tarixdə ilk dəfə Azərbaycan döyüş zamanı general rütbəli zabitini – Polad Həşimovu şəhid verdi. Bu, xalqımızın səbr kasasını daşıran son damla oldu. Tovuz döyüşlərində xalq Qarabağ və ətraf rayonların azad olunması üçün dövlət qarşısında bir sosial sifariş formalaşdırdı. Nəticədə on minlərlə Azərbaycan vətəndaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə idarələrin qarşısında növbəyə düzüldü, orduya könüllü yazıldı. Xalqın bu təşəbbüsü Ali Baş Komandan tərəfindən qəbul olundu”.
Ekspert əlavə edib ki, Prezident İlham Əliyev bəlli bəyanatlarından sonra Ermənistanı təxribatlardan çəkinməyə çağırıb:
“Lakin Ermənistan növbəti dəfə Qarabağ istiqamətində təxribatlara əl atdı. Bunun ardınca Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Bütün şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah onlara rəhmət eləsin! Məhz Vətən müharibəsindəki qələbə və ondan sonra imzalanan Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının yaranmasına səbəb oldu. Bu birliyin və bərabərliyin nəticəsində artıq Azərbaycana və ümumilikdə türklərə qarşı çıxan qüvvələr ard-arda məğlubiyyətə uğrayır. Son beş ildə biz Qarabağ və ətraf rayonları azad etdik, Ermənistanla sərhədimizdə bayrağımızı qaldırdıq. Ardınca qardaş ölkə Türkiyə Suriyada mühüm nailiyyət əldə etdi – Əsəd rejimi çökdürüldü”.
Ə.Verdiyev qeyd edib ki, hazırda Ermənistanda daşnaklara qarşı tədbirlər görülür:
“Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən daşnaklar, separatçılar, erməni Apostol kilsəsi çökdürülür. Digər tərəfdən isə Türkiyəyə qarşı 40 il ərzində qanlı terror aktları törədən PKK silahlarını təhvil verir. Bu bir daha sübut edir ki, XXI əsr türk əsridir. Bizə qarşı çıxan hər bir qüvvə məhvə məhkumdur. Bunu hər bir kəs, o cümlədən İran mollaları da, Fransanın qadın təcavüzünə məruz qalan prezidenti də sırğa edib şillələrdən qızarmış qulağından asmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az

