ce4c8790 4608 11f0 bace e1270fc31f5e.png

Böyük Britaniya və daha dörd ölkə – Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç – İsrail hökumətində yer alan iki ifrat sağçı nazirə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Sanksiyalar İsrailin maliyyə naziri Betsalel Smotriçə və milli təhlükəsizlik naziri, radikal sağçı İtamar Ben-Qvirə şamil olunub. Qeyd olunan nazirlər radikal millətçi partiyaların liderləridir və Baş nazir Benyamin Netanyahunun koalisiyasında yer alırlar.

Sanksiyalar çərçivəsində onlara həmin ölkələrə giriş qadağan olunacaq, eləcə də bu şəxslərin həmin ölkələrdəki aktivləri dondurulacaq.
Birgə yayılmış bəyanatda Britaniyanın xarici işlər naziri Devid Lemmi və digər ölkələrin həmkarları bildiriblər:

“İtamar Ben-Qvir və Betsalel Smotriç israilliləri zorakı ekstremist hərəkətlərə və fələstinlilərin insan haqlarının ciddi şəkildə pozulmasına təhrik edirlər. Bu cür davranış qəbuledilməzdir”.

Nazirlər eyni zamanda Qəzzada atəşkəsin dərhal əldə olunması, HƏMAS-ın saxladığı girovların azad edilməsi, humanitar yardımın artırılması və “iki dövlət” prinsipinə əsaslanan sülh həllinə dəstək ifadə ediblər.

İsrailin hökuməti isə sanksiyalara sərt reaksiya verib və “demokratik yolla seçilmiş siyasətçilərə qarşı belə addımları təhqiredici” adlandırıb. Xarici işlər naziri Gideon Saar bildirib ki, məsələ gələn həftə hökumətin iclasında müzakirə olunacaq.

Britaniyanın Baş naziri Kir Starmer daha əvvəl bildirmişdi ki, hökuməti İsrailə təzyiq göstərmək üçün digər ölkələrlə koordinasiyalı sanksiya addımları üzərində işləyir.

“Əgər bunu təkbaşına yox, kollektiv şəkildə etsək, daha güclü nəticə əldə edə bilərik”, – deyə o vurğulayıb.

Eyni gündə ABŞ da qarşı tərəfə – HƏMAS-a – qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, sanksiyalar HƏMAS-ı maliyyə baxımından dəstəkləyən fərdlərə və “xeyriyyə təşkilatları” adı altında fəaliyyət göstərən qurumlara qarşı yönəlib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: