***13:50
İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb.
Globalinfo.az xəbər verir ki, hadisə rayonunun Sarıxanlı kəndində baş verib.
SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb.
Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.
Kənddə, həmçinin “Den Pobedı” (“Qələbə Günü”) sovet mahnısı da səsləndirilib.
Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.
O bildirib ki, burada heç bir pis şey yoxdur.
“Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, – Saleh Səmədov qeyd edib.
Saleh Səmədov sonda jurnalistləri təhqir edib: “İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz”.
Saleh Səmədov İmişlidə SSRİ bayrağının qaldırılması ilə bağlı məsələyə daha geniş cavab verib.
O bildirib ki, sözügedən tədbir abidənin açılışı ilə bağlı idi, həmin müharibə də o bayraq altında baş verib:
“Bir dövlət yoxdursa, bayrağı ola bilərmi?! Bu sadəcə olaraq bizim tariximizdir. Burada nə var ki?! Cavan nəsil o bayrağı bilmir, biz isə o bayrağın sədaları altında doğulmuşuq, bayramlarımız da o bayraq altında keçib. Müharibənin rəmzi olaraq biz o bayrağı oraya qoymuşduq. “Georgi lenti” də rəmzdir, ona görə də taxmışdım. Azərbaycan bayrağından uca bayraq yoxdur, o bizim hər zaman başımızın üstündədir. Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!” – S.Səmədov qeyd edib.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:
“Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.
Bu gönderiyi Instagram’da gör