Trampın Zelenski planında yeni təhlükə: İki nəfərə işarə edildi

Trampın Zelenski planında yeni təhlükə: İki nəfərə işarə edildi

Son günlər ABŞ-ın Ukraynada çevriliş planladığına dair məlumatlar yayılır. Prezident Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə keçirilən danışıqlarda ortaq məxrəcə gələ bilməməsi səbəbindən ikinci variant kimi bu addımı seçdiyi bildirilir.

Bir neçə xarici KİV Tramp administrasiyasının artıq Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko və sabiq baş nazir Yuliya Timoşenko ilə təmas qurduğunu yazıb.  İddialara görə, Ağ Ev rəhbəri müxalifət liderləri ilə Kiyevdə prezident seçkilərinin keçirilməsini müzakirə edib. Bu, bəzi siyasi dairələrdə Zelenskinin hakimiyyətdən kənarlaşdırılmasına hazırlıq kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ prezidenti Ağ Evdə çıxışı zamanı növbəti dəfə Volodimir Zelenski barəsində narazılıq bildirən ifadələr işlədib və onu “nankor” adlandırıb:

“Ukrayna prezidentinin fevralın 28-də Oval ofisdə baş verən qalmaqaldan sonra geri addım atması Trampı müəyyən qədər yumşaltmışdı. Məhz bu səbəbdən Vaşinqton və Kiyev nümayəndələri arasında Səudiyyə Ərəbistanında yeni görüşün keçirilməsi planlaşdırıldı. Sözügedən görüşün nə zaman baş tutacağı barədə məlumat dəqiqləşdirilərkən Trampın “yeni hücumu” Ukrayna tərəfi üçün vəziyyəti bir qədər də mürəkkəbləşdirir.

ABŞ prezidentinin bu bəyanatlarının sonda Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcəyini düşünənlər var. Bu mümkündürmü?  Ümumiyyətlə, ABŞ Zelenskini çevriliş yolu ilə və ya yeni seçkilərin keçirilməsi vasitəsilə vəzifədən kənarlaşdıra bilərmi?

Öncə çevriliş variantını nəzərdən keçirək.

ABŞ-ın dünyada rejim dəyişikliyində iştirakla bağlı böyük təcrübəsi olsa da, indiki halda prezident Volodimir Zelenskini çevriliş yolu ilə əvəzləmək bir sıra səbəblərə görə çox mürəkkəb və çətin kimi görünür.

Rusiya ilə davam edən müharibəyə baxmayaraq, Zelenski hələ də Ukrayna daxilində, xüsusən də hərbi və əsas siyasi elita arasında güclü institusional dəstəyə malikdir. Onu zorla aradan götürmək cəhdi çox güman ki, bu fraksiyaların müqaviməti ilə üzləşə, potensial olaraq daxili qeyri-sabitliyə və ya hətta vətəndaş qarşıdurmasına gətirib çıxara bilər”.

Trampın Zelenski planında yeni təhlükə: İki nəfərə işarə edildi
Əlimusa İbrahimov

Politoloq bildirib ki, Ukrayna prezidenti Rusiyaya qarşı müharibədə ABŞ və NATO-nun güclü müttəfiqi olub:

“Zelenskinin çevriliş yolu ilə dəyişdirilməsi Kiyevin kritik bir zamanda sabitliyini pozmaq, onun Rusiya təcavüzünə qarşı müqavimət göstərmək qabiliyyətini zəiflətmək riski daşıyır. ABŞ birbaşa çevriliş etməkdənsə, Zelenskini dəyişmək üçün diplomatik və iqtisadi təzyiqlərdən daha çox yararlanmalıdır.

Ukrayna lideri idarəetmə və hərbi qərarlarla bağlı artan tənqidlərlə üzləşsə də, milli müqavimət simvolu kimi nüfuzunu qoruyur. Xaricdən idarə olunan çevriliş, xüsusən də ABŞ rəhbərlik edərsə, kütləvi etiraza səbəb olar və yeni prezident üçün dözülməz şərait yaradar.

Kiyevdə Vaşinqtonun dəstəyi ilə baş tutacaq çevriliş ABŞ-ın beynəlxalq imicinə əhəmiyyətli dərəcədə xələl gətirəcək və onun demokratik idarəçiliyə göstərdiyi dəstəyə zidd addım kimi qəbul olunacaq. Bu, həm də Ukraynanın Qərbin marioneti olması ilə bağlı iddiaları gücləndirərək Rusiyaya təbliğat qələbəsini təmin edərdi.

ABŞ çevriliş etmək əvəzinə, Ukrayna rəhbərliyinə təsir üçün siyasi təzyiq, şərti hərbi yardım və ya onun maraqlarına uyğun gələn müxalifət xadimlərini dəstəkləmək kimi başqa vasitələrə malikdir. Zelenskidən narazılıq daxildə artarsa, Vaşinqton birbaşa müdaxilədən çox demokratik yollarla keçidi dəstəkləyə bilər”.

Ə.İbrahimov hesab edir ki, ümumi risklərə nəzərə alındıqda Ukraynada ABŞ-ın dəstəklədiyi dövlət çevrilişinin baş verməsi ehtimalı çox azdır:

“İstənilən lider dəyişikliyi daha çox daxili siyasi proseslər, Ukrayna elitasının təzyiqi və ya ABŞ-ın birbaşa müdaxiləsi ilə deyil, qarşıdan gələn seçkilərlə bağlı olacaq.

Bu seçkilər vasitəsilə Zelenskinin yerinə Ağ Evin dəstəklədiyi digər siyasətçinin prezident seçilməsi variantı üçün isə hazırkı şəraitdə zəmin hazır deyil. İlk növbədə yeni seçkilərin keçirilməsindən öncə Rusiya ilə atəşkəsə nail olmaq lazımdır. Yalnız bundan sonra prezident seçkilərinin təşkili barədə danışmaq olar. Amma Zelenskinin nüfuzunun getdikcə daha da artdığı bir şəraitdə ABŞ-ın istəyinə necə nail olacağı da sual altındadır”.

Turan Rzayev
Globalinfo.az