Məhəmməd Baqer Qalibaf

“ABŞ prezidentinin digər ölkələrlə davranışı açıq şəkildə göstərir ki, bu bəyanatlar sadəcə olaraq danışıqlara cəhdin aldadıcı təzahürüdür”.

Globalinfo.az xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf  parlamentdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ öz tələblərini irəli sürməyə və İranı tərksilah etməyə çalışır:

“Təhdidlər kölgəsi altında yeni güzəştlərin tətbiqi sanksiyaların ləğvinə gətirib çıxarmayacaq. Bu, qürurlu İran xalqını alçaltmaqdan başqa nəticə verməyəcək”.

Parlament sədri ABŞ-dan heç bir məktub gözləmədiklərini bildirib:

“İnanırıq ki, geniş daxili imkanlarımızdan istifadə etməklə və digər ölkələrlə əlaqələri genişləndirməklə düşmənin sanksiyaları ləğv etməkdən başqa çarəsinin olmadığı mövqeyə gələ bilərik”.

Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Xamenei isə dünən bəyan edib ki, Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: