Martın 6-da növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Globalinfo.az xəbər verir ki, bu dəfə Həsənriz kəndinə 25 ailə, 75 nəfər köçüb. Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, işğaldan azad olunduqdan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanıblı. Kəndə artıq 50 ailə köçürülüb. Bundan sonra da köç mərhələli şəkildə həyata keçiriləcək. Hazırda kənddəki fərdi yaşayış evlərində təmir işləri həyata keçirilir. Həsənriz kəndi qısa zamanda elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşamaları üçün bütün zəruri infrastruktur yaradılıb.
Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Həsənrizə qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Qeyd edək ki, Həsənriz kəndinə ilk köç bu il martın 3-də olub və 25 ailə doğma torpağına qayıdıb.
***13:27
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb.
Globalinfo.az xəbər verir ki, Həsənriz kəndinə bu mərhələdə 25 ailə – 75 nəfər köçürülüb.
***11:47
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, martın 6-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
Həsənriz kəndinə bu mərhələdə 25 ailə – 75 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.


