Fevralın 18-dən Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri arasında Ukraynadakı müharibənin həlli ilə bağlı danışıqlar başlayır.
Ər-Riyadda əvvəlcə Vaşinqton və Moskva nümayəndələri arasında müzakirələrin aparılması gözlənilir. Danışıqların gedişatından asılı olaraq növbəti mərhələdə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin də şəxsən bir araya gələrək bu mövzuda fikir mübadiləsi aparacaqları deyilir.
Məlumata görə, əsas məqsəd Ukraynadakı müharibənin tez bir zamanda başa çatdırılmasıdır. Çünki 3 ilə yaxındır davam edən döyüşlər həm Rusiya, həm də Ukrayna və onun onun dəstəkçilərinə ciddi zərər vurur.
Danışıqlardan ilkin gözləntilər nələrdir? Tramp və Putin hansı şərtlərlə müharibənin bitirilməsi üçün razılıq əldə edə bilər?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Ağ Ev rəhbəri Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün müvafiq addımlar atır:
“Tramp Putinlə danışıqlar apardı, beləliklə onlar mümkün görüşün Səudiyyə Ərəbistanında olması ilə bağlı razılığa gəldilər. Ukrayna, ABŞ və Rusiya nümayəndələri Ər-Riyada gedirlər. Fevralın 18-də müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaqlar. Bütün bunlar onu göstərir ki, ABŞ Rusiya ilə birbaşa müzakirə aparmaq istəyir. Ukraynanın iştirakı isə ona görə vacibdir ki, Prezident Volodimir Zelenski məsələ ilə bağlı açıqlamasında rəsmi Kiyevin rolu olmazsa, danışıqların nəticəsini tanımayacağını bildirmişdi. Yaxın 10 gün ərzində Tramp və Putin Ər-Riyadda görüşəcək”.

Elşad Həsənov
Politoloqun sözlərinə görə, Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı verdiyi vədi reallaşdırmağa çalışır:
“İki ölkə arasında əvvəlcə atəşkəsə nail olmaq lazımdır. Bundan sonrakı mərhələ isə artıq sülh danışıqları baş tuta bilər. Rusiya bu istiqamətdə müzakirələri 9 maya qədər yekunlaşdırmaq istəyir. Həmçinin işğal etdiyi torpaqları öz nəzarətində saxlamaqda maraqlıdır. Ukrayna isə bu təkliflərlə razı deyil. Danışıqların asan keçəcəyi gözlənilmir”.
Safura Bənnayeva
Globalinfo.az