Ötən ilin dekabrın 25-də AZAL-ın təyyarəsinin Rusiyaya məxsus “Pantsir” raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra iki ölkə arasında yaranmış gərginlik ictimaiyyətdə daha aydın müşahidə edilir.
Rusiyanın hadisə ilə bağlı reallığı gizlətməsi və məsuliyyətdən yayınması Azərbaycan cəmiyyətində bu ölkəyə münasibətdə mənfi mövqeni gücləndirir.
Hazırkı situasiya 2023-ci ilin yanvarında İranda Azərbaycan səfirliyinə edilən hücumdan sonra Bakı və Tehran arasında münasibətlər gərginləşdiyi zamankı əhvali-ruhiyyəni xatırladır.
Rusiyanın Azərbaycana qarşı mövqeyi ölkəmizdə olan-qalan siyasi, ideoloji dayaqlarını silib atacaqmı? Cəmiyyətdə Moskvaya və rus dilinə yanaşma dəyişəcək?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, heç şübhəsiz, Azərbaycan-Rusiya münasibətləri müasir dövrün ən böhranlı mərhələsindən keçir:
“Təyyarəmizin vurulmasından sonra cəmiyyətdə haqlı olaraq Moskvaya qarşı aqresiya gücləndi. Bunun tarixi əsaslarına nəzər yetirsək, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən indiyə qədər kifayət qədər arqumentlərin olduğunu qeyd edə bilərik.
Təbii ki, yerləşdiyimiz coğrafiyada hər tərəfdən qonşularımızla gərginliklərin yaşanması bizim üçün arzuolunan deyil. Amma bu gərginliyin mənbəyi qarşı tərəf olduğu üçün Azərbaycanın bütün addımları adekvat cavab xarakteri daşıyır. Bu baxımdan Kreml təyyarəmizin vurulması ilə bağlı məsuliyyəti qəbul edərək müvafiq addımları atmalıdır”.

Aytən Qurbanova
Politoloq bildirib ki, cinayətkarların cəzalandırılması və Rusiya tərəfinin müvafiq öhdəlikləri icra etməsi ilk zamanlardan etibarən gözlənilən addımlar idi:
“Amma təəssüf ki, bu istiqamətdə nəinki qarşı tərəfdən xoşniyyətli addımı müşahidə edirik, əksinə, Azərbaycanı hədəfə alan çirkin kampaniyanın aparılmasına şahid oluruq.
Təbii ki, belə olan halda Azərbaycanın qətiyyətli və konkret mövqeyi hər kəs üçün dəyişməzdir. “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı qərar da dövlətimizin, milli maraqlarımızın müdafiəsi istiqamətində atdığı növbəti addımdır. Ona görə də sonrakı mərhələdə Moskvanın bütün addımlarına adekvat və qətiyyətli şəkildə cavab veriləcəyini əminliklə ifadə edə bilərik”.
Turan Rzayev
Globalinfo.az














