avropa abs

ABŞ Prezidenti Donald Trampın Çin, Kanada və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalaması üç ölkədə ciddi narazılıq doğurub. 

Sərəncama əsasən Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxal edilən mallara isə 10 faizlik gömrük rüsumunun tətbiqi nəzərdə tutulur. Tramp qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı ciddi təhlükə səbəbindən bu ölkələrdən gələn mallara rüsum tətbiq etmək qərarına gəldiyini bildirib. ABŞ prezidentinin sərt açıqlamaları fonunda bu qərarı müzakirələrə səbəb olub.

Tramp bununla nəyə nail olmaq istəyir? Sözügedən ölkələr Ağ Evə cavab olaraq necə bir yol izləyəcəklər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Vaşinqton bu ölkələrin cavab tədbiri görəcəyi təqdirdə, onlara qarşı daha sərt addımların atılacağını açıqlayıb:

“Bu zaman sözügedən ölkələrin 2 variantı qalır: ya ABŞ-ın iqtisadi hegemonluğuna boyun əymək, ya da ona müqavimət göstərmək. İkinci variantın tətbiqi üçün onların əlində geniş imkanlar da var. Məsələn, Meksika ABŞ-ın avtomobil sənayesinə çox ciddi şəkildə zərbə vura bilər. Nəzərə alaq ki, ölkənin avtomobil nəhəngləri olan “General Motors” və ” Ford Motor ” markalarına aid yükdaşıyan avtomobillərin 80 faizi məhz Meksikada istehsal olunur.

Meksika İqtisadiyyat Nazirliyi Ağ Evin artan təzyiqləri fonunda Çin və Kanada ilə iqtisadi əməkdaşlığın yeni formatını müzakirə edir. Çin məsələyə münasibətində Vaşinqtona cavab veriləcəyi bildirilsə də, bu ölkə ABŞ-a rəqib güc mərkəzləri ilə əməkdaşlığı artırır. Pekinin həyata keçirdiyi subsidiya siyasəti nəticəsində, burada istehsal edilən elektron mallar Avropa bazarlarına çox ucuz qiymətə satılır. Həmin mallar qoca qitədə həm ABŞ, həm də yerli məhsullarının batmasına səbəb olur. Avropa İttifaqı (Aİ) Çinə bu məsələdə dəfələrlə xəbərdarlıq etsə də, rəsmi Pekin onu diqqətə almadı”.

zeynal serh
Zeynal Əmrəliyev

Politoloq bildirib ki, 2024 – cü ilin aprelində Almaniya kansleri Olaf Şoltsun Pekinə səfəri zamanı zamanı da bu məsələ Çin rəhbərliyi ilə ciddi şəkildə müzakirə edilib:

“Almaniya və Çin hökumətlərinin əldə etdiyi razılaşmaya əsasən iki ölkə arasında iqtisadi əlaqələrdə, xüsusilə də elektron malların ticarətində yüksək səviyyəli əməkdaşlıq nəzərdə tutulurdu. Avropada digər ölkələrin də Çinlə belə əməkdaşlığa marağı var. Pekin ABŞ-ın qarşısını almaq üçün ilk növbədə onun əsas müttəfiqi və əhəmiyyətli bazarı olan Avropada möhkəm yer tuta, həmçinin ittifaqa üzv ölkələrlə Vaşinqtona qarşı bir yeni bir güc mərkəzi yarada bilər. Əgər bu ölkələrin birliyi gərçəkləşərsə, ABŞ həm böyük bazardan məhrum olacaq, həm də iri istehsal mərkəzlərini itirəcək.

Vaşinqtonun öz qonşuları Kanada, Meksika və Panama ilə münasibətlərinin gərginləşməsi Çinə imkan verir ki, eyni siyasəti bu ölkələrlə də tətbiq edib ABŞ-ı iqtisadi cəhətdən blokadaya alsın. Artıq Kanadanın yeni hökuməti Pekinlə əməkdaşlıq haqqında fikirlər səsləndirir. Həmçinin Kanada hökuməti ölkənin ərazisində olan 105 milyard dollar dəyərindəki ABŞ məhsullarına yüksək rüsumlar tətbiq edəcəyini bildirib.

ABŞ-ın Çinlə apardığı iqtisadi savaş dünya bazarında bu ölkənin istehsal etdiyi malların kəskin dəyər itirməsinə səbəb ola bilər. Xüsusilə avtomobil sənayesində ciddi qiymət düşüşü qaçılmaz görünür. Şübhəsiz ki, Trampın komandası bunları hesablayıb. Onlar ölkənin resurslarının çoxluğuna görə rahatdırlar və rəqiblərinin qarşılarında uzun müddət duruş gətirməyəcəyinə əmindirlər.

Baş verən proseslər ən çox Rusiyaya təsir edir. Moskva Qərbin sanksiyaları səbəbindən Çin mallarının əsas alıcı idi. Son yaşanan proseslərdən sonra Pekin bütün diqqətini Avropada ABŞ-la rəqabətə yönəldib. Buna görə Rusiyada elektron mallar və avtomobil sənayesində baş göstərən bahalaşmanın daha da artacağı və pik həddə çatacağı gözləniləndir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: