Müharibə zamanı rekord qıran unikal kobra niyə öldürüldü?

Müharibə zamanı rekord qıran unikal kobra niyə öldürüldü?

“İndiyə qədər qeydə alınmış ən uzun zəhərli ilan olan 5,5 metrlik “kral kobra” İkinci Dünya müharibəsi zamanı faciəvi şəkildə ölüb”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı təkamülçü bioloq Skott Trevers “Forbes”dəki məqaləsində yazıb.

Onun sözlərinə görə, “kral kobra” (Ophiophagus hannah) Cənub-Şərqi Asiyanın sıx meşələrində yaşayan növlərdəndir:

“Onun zəhəri fili belə öldürəcək qədər güclüdür. Bu, bir neçə saat ərzində əzələləri iflic edir. Həmin kobra 1937-ci ildə Malayziyanın Port Dikson yaxınlığında tutulub və iki il London zooparkında yaşayıb. O qısa müddətdə sensasiyaya çevrilib – ölçüsü və təhdidedici başı təşviş yaradıb”.

Trevers bildirib ki, 1939-cu ilin sentyabrında Avropada müharibə başlayanda kobra ilə bağlı ağrılı qərar verilib:

“Münaqişə London zooparkı kimi qurumların üzərinə kölgə salıb. Oradakı heyvanların, həm də ətrafdakı insanların təhlükəsizliyini təmin etməkdə ciddi problemlər üzə çıxıb. Bomba təhdidləri səbəbindən pandalar, Asiya filləri və oranqutanlar kəndlərdə yerləşən “Uipsineyd” zooparkına köçürülüb. Zəhərli növlərə gəlincə, zoopark rəhbərliyi onları evtanaziya etmək qərarı verib. Hamı qorxurdu ki, bombardman qapalı yerləri zədələsə, zəhərli canlılar Londonda sərbəst dolaşıb insanlara hücum edəcək. Nəticədə rekord qıran “kral kobra” evtanaziya edilib”.

Zaira Akifqızı
Globalinfo.az