tramp 131

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də keçirilən andiçmə mərasimində bir çox məqamlara toxunaraq ciddi açıqlamalar verdi.

Yeni prezident hələ inaqurasiyadan öncə Şimali Amerikada Kanada və Qrenlandiyaya ərazi iddiası irəli sürür, Cənubi Amerikada Panama körfəzi ilə bağlı bəyanatlar səsləndirirdi.

Bəzi ekspertlərin fikrincə, rəsmi Vaşinqton Tramp vasitəsilə yeni müharibə ocaqları yaradır. Bunlar isə əslində Çinlə Artktikada başlayan gərginliyin simptomları kimi dəyərləndirilir.

Belə olan halda ABŞ üçün növbəti mərhələdə prioritet Arktika, soyuq okeanlar, dənizlər və ölkələr olacaq?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Trampın hakimiyyətə gəldikdən sonra davam etməkdə olan müharibələri dayandıracağına dair verdiyi vədlərə digər dövlətlər və dünya əhalisi inanmağa çalışırdı:

“Həqiqətən də seçkiqabağı kampaniya zamanı Tramp bu müharibələrin qarşısını alacağına az qala hamını inandırmışdı. Amma seçildikdən sonra hələ andiçmə mərasimi baş tutmamışdan onun mövqeyində müəyyən geriləmələr müşahidə olunmağa başladı. Belə ki, seçkiqabağı kampaniya zamanı Rusiya-Ukrayna müharibəsini bir günə, hətta bir telefon danışığı ilə həll edəcəyinə söz verən Tramp, sonradan prosesin 6 ay zaman çəkəcəyini dedi. Yəni artıq məlumdur ki, onun seçkiqabağı kampaniya zamanı verdiyi vədlər sadəcə səsvermə üçün olub.

Politoloq Yaxın Şərqdə məhz Trampın səyi ilə atəşkəsin əldə olunduğunu bildirib:

“İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-la atəşkəs razılaşmasına getdi. Amma bu atəşkəsin davamlı olacağı şübhəlidir. Hətta Ağ Evin yeni rəhbəri də andiçmə mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən buna şübhə etdiyini bildirdi. Yəni Tramp da Netanyahu kimi atəşkəs razılaşmasının formalaşdırdığı şəraitdən razı deyil. Bu, Yaxın Şərqdə baş verən müharibələrin də qarşısının alınmasına şübhə yaradır. Nəticədə Trampın verdiyi vədlərin necə olacağına dair suallar yaranır”.

elimusa heyderov
Əlimusa İbrahimov

Ə.İbrahimovun sözlərinə görə, qeyd olunan məqamda Trampın ortaya atdığı digər məsələlər aktuallaşdırılır:

“O, qarşısını almağa söz verdiyi müharibələri bir qırağa qoyarq yeni gərginlik ocaqlarının yaranmasına təşəbbüs göstərir. Niyə? Çünki bəlkə də Rusiya-Ukrayna müharibəsini bitirmək mümkün deyil və Yaxın Şərqdə hər iki tərəfi qane edən atəşkəs əldə oluna bilməz. Panama, Qrenlandiya və Kanada məsələləri bir qədər asan kimi görünür. Yaxud da Tramp bununla diqqəti bir məsələdən digərinə çəkərək verdiyi vədləri unutdurmağa çalışır. Həmçinin adıçəkilən üç ərazinin Amerika xalqına verəcəyi fayda Ukrayna və İsraildən daha əhəmiyyətli olduğu üçün də onlara diqqət çəkilə bilər. Tramp Nobel mükafatından Amerikanın tarixinə düşmək üçün reverans edir.

Eyni zamanda ABŞ-ın Panama, Kanada və Qrenlandiya üçün müharibəyə qoşulacağına inam azdır. Düşünürəm ki, bu məsələlər müharibəsiz belə həll edilə bilər. Digər tərəfdən sözügedən 3 məsələdən birinin həyata keçməsi Trampa və Amerika xalqına Rusiya-Ukraynadan daha əhəmiyyətli görünəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: