“Ermənistan və ABŞ arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişə İranın münasibəti hələ ki bəlli deyil. Rusiya dövlət səviyyəsində məsələyə münasibətini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu suveren hüquq kimi dəyərləndirsə də xarici işlər nazirinin və Baş nazirin müavinləri səviyyəsində Ermənistana barmaq silkələyiblər. Rəsmi İrəvanın iki qurum arasında seçim etməli olduğunu bəyan ediblər”.
Bu fikirləri Globalinfo.az-a ABŞ-Ermənistan strateji sazişinin bölgənin 3 dövləti – Azərbaycan, Rusiya və İranın yeni güc mərkəzi formalaşdırmasına imkan yaradacaqmı sualını cavablandıran politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, İranla münasibətlərin uzunmüddətli perspektivinin olacağını düşünmək olmaz:
“İran fars şovinist dövlətinin ideoloji təməlində türk düşmənçiliyi, türk qorxusu var. Bu coğrafiyada minillik xanədanlıq türklərə məxsus olub. İndi də əsas dominant etnos tüklərdir. Türkləri potensial təhlükə gördükləri üçün heç vaxt onların bu coğrafiyada güclənməsini istəməzlər. İrəvanın müdafiə olunması, İran-Ermənistan yaxınlaşması da bununla əlaqədardır. Ona görə də, ABŞ-Ermənistan sazişi bölgənin 3 dövlətini – Azərbaycan, Rusiya və İranı yaxınlaşdırmayacaq”.
Natiq Miri
Natiq Miri Azərbaycan və Rusiya arasında gərginliyin qısamüddətli olduğunu düşünür:
“Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı yaradılan komissiyadan sonra rus media təbliğatında artıq anti-Ermənistan ovqatı çox ciddi şəkildə hiss olunmağa başladı. Bunun nəticəsidir ki, “Rossiya-1” televiziya kanalında Prezident İlham Əliyevin işlətdiyi ifadələr nöqtəsindən vergülünə qədər ictimaiyyətə çatdırılır. Belə bir fikir yaradılır ki, Rusiyanın itirilməsi guya sabah Azərbaycanın Zəngəzura hərbi müdaxiləsinə gətirib çıxarda bilər. Rusiya da bu məsələyə müdaxilə etməyəcək. Bir növ Azərbaycan vasitəsilə Ermənistanı yenidən Rusiyanın orbitinə çəkməyə çalışırlar.
Rusiyaya da heç bir zaman etibar etmək olmaz. Azərbaycanla yaxınlığı və Ermənistanla gərgin münasibəti rəsmi İrəvanı öz orbitinə qaytarana qədərdir”.
Natiq Miri qeyd edir ki, Azərbaycanın geosiyasi maraqları kontekstində qısamüddətli Türkiyə, Rusiya və Azərbaycan əməkdaşlığının olması mümkündür:
“Rusiya Ermənistanın ciddi şəkildə Qərbə yaxınlaşdığını yəqinləşdirib. Bu da o deməkdir ki, hansısa mərhələdə Kreml rəsmi İrəvanı cəzalandıra bilər. Bu cəzalandırmanın müxtəlif formaları mümkündür. Hələ tələsmək lazım deyil. Perspektiv yaxın vaxtlarda özünü büruzə verəcək.
3+3 formatının aktivləşməsi məsələsi də müzakirə olunur. Bu format dünənə qədər işlək qəbul olunmurdu və buna ən çox dirəniş göstərən də İran idi. Lakin rəsmi Tehran hazırda bütün problemlərin məhz bu format çərçivəsində həll olunmasını istəyir. Dünənə kimi sözügedən formata ona görə dirəniş göstərirdilər ki, formatın təşəbbüskarı Azərbaycan və Türkiyə idi. Sonradan anladılar ki, bu həm də İranın geosiyasi maraqlarına uyğundur. Rusiya və İran 3+3 formatını irəli sürməklə regionda olmayan ölkələri regional məsələlərin həllinə daxil etmək istəmirlər. Lakin həmin formatın çox effektiv olduğunu demək olmaz. Çünki Gürcüstan iştirak etmir, Ermənistan tormozlayıcı amil kimi çıxış edir və s. Ona görə də regionda real güc Azərbaycan, Türkiyə və Rusiyadır”.
Safura Bənnayeva














