Prezidentin Şeyxlə görüşündə diqqətçəkən məqam: Bakı üçün mühüm şans

Prezidentin Şeyxlə görüşündə diqqətçəkən məqam: Bakı üçün mühüm şans

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Dövlət Başçısı Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Prezidentlər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib, Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıblar.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər ərəb dünyasının aparıcı oyunçularıdır:

“Azərbaycan 400 milyonluq ərəb dünyası ilə münasibətlərə həmişə xüsusi önəm verib. Təbii ki, bu coğrafiya ilə əməkdaşlıq aparıcı oyunçularla əlaqələrdən keçir. Həmin ölkələr ərəb dünyası ilə yanaşı, İslam aləmində və qlobal siyasətdə də mühüm rola malikdirlər. Onlarla yaxın münasibətlərin olması Azərbaycana həmişə iqtisadi və siyasi dividentlər gətirib.

Məsələn, 44 günlük müharibədən sonra Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etmək cəhdlərinə veto qoyan ölkələrdən biri Birləşmiş Ərəb Əmirliyi idi. BƏƏ həmin vaxt şurada qeyri-daimi üzv kimi Azərbaycanı dəstəklədi. Bununla yanaşı, adıçəkilən ölkələr İslam Əməkdaşlıq Təşkilatında da ölkəmizi dəstəkləyiblər.

Ötən ilin yanvarında Bakı ilə Əbu-Dabi arasında bərpaolunan enerji üzrə anlaşmalar əldə olunub və BƏƏ Azərbaycana investisiya yatırıb. Səudiyyə Ərəbistanı da ölkəmizdə “yaşıl enerji” sektoruna böyük yatırımlar edib”.

Prezidentin Şeyxlə görüşündə diqqətçəkən məqam: Bakı üçün mühüm şans
Prezident İlham Əliyevin BƏƏ səfərindən, 14 yanvar 2025

Ekspertin sözlərinə görə, qeyd olunan məsələlər Azərbaycan üçün iki kontekstdə əhəmiyyətlidir:

“Birincisi, “yaşıl enerji” və bu sektora investisiyanın yatırılması qlobal iqtisadiyyatın perspektiv istiqamətlərindəndir. Ərəb ölkələri bu sektorda investor kimi çıxış edir və Azərbaycan perspektivdən öz payını alır.

İkincisi, azad olunmuş ərazilərin “yaşıl enerji” potensialı kifayət qədər böyükdür. Bu cür əməkdaşlıqlar bölgəyə investisiya cəlb etməyə imkanlar yaradır.

Həmçinin Bəşər Əsədin devrilməsindən sonra Azərbaycanın Suriyada Türkiyə ilə birlikdə hərəkət etməsi, ölkəmizi Yaxın Şərq coğrafiyada aktiv iştirakçıya çevirə bilər. O bölgənin siyasi sferasında bu ərəb ölkələri ilə münasibətlər önəmlidir”.

Turan Rzayev
Globalinfo.az