Son günlər İran-Azərbaycan münasibətlərində yenidən müəyyən yaxınlaşma hiss olunur. Daha doğrusu, bu yaxınlaşma rəsmi Tehranın pozitiv mesajları ilə yaradılmağa çalışılır. Əslində isə İran bitərəf əbaya bürünərək guya vasitəçi ola biləcəyi mesajını verir.
Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi üç mərkəzin (Rusiya, Avropa İttifaqı və ABŞ) moderatorluğu ilə həyata keçirilməyə çalışılır. Bu üç mərkəzlə yanaşı, Fransa və İran da vasitəçi ola biləcəyindən dəm vurur.
Fransa faktiki olaraq Avropa İttifaqından kənar maraqlarla çıxış etdiyindən və Ermənistana hədsiz sevgi göstərdiyindən Azərbaycan Parisin vasitəçilik təşəbbüsünə etibar etmir.
Bənzər yanaşma Tehrana qarşı da sərgilənir. Azərbaycan İranın vasitəçi olmaq istəməsinin səbəbini başa düşür. Buna görə də belə bir vasitəçilik təşəbbüsünə isti baxmır.
Məsələ ondadır ki, İranın 2022-ci ildə Azərbaycana qarşı sərgilədiyi düşmən mövqe bu ölkəni Bakının nəzərində etibarsız hala gətirib. İran faktiki olaraq Ermənistana dost, Azərbaycana isə düşmən münasibət bəsləyir. Bunu iranlı rəsmilərin çıxışları və nifrət ritorikaları da sübut edir. Digər tərəfdən rəsmi Tehran 40 milyondan artıq cənubi azərbaycanlı faktoruna görə Bakıya ehtiyatlı yanaşır və tədbiri əldən buraxmır.
Azərbaycanın İsrail ilə münasibətlərinin 2023-cü ildə ən yüksək səviyyəyə çatacağı və ölkəmizin Təl-Əvivdə səfirlik açacağını da nəzərə alsaq, qarşıdan gələn ildə Tehran ilə Bakı arasında əsən soyuq küləklərin daha da sərtləşməsi mümkündür.
Dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginliyin olduğunu diqqətə çatdırdı.
Nəticə etibarilə İran hazırkı tutumu ilə danışıqlar prosesində vasitəçi ola biləməyəcək qədər ermənipərəst, anti-Azərbaycan mövqeli bir ölkədir. Xarici siyasətdə kəsişən maraqlar bir yana, Tehranın ən sadə nümunə – Zəngəzur dəhlizinə qırmızı xətt kimi baxması belə bu ölkənin konstruktiv yanaşmadan çox uzaq olduğunu göstərir.
Turan Rzayev
Globalinfo.az