İlham Əliyevin Böyük Qafqaz planı: Rusiyanın boşalan yerini kimin dolduracağına o qərar verəcək

İlham Əliyevin Böyük Qafqaz planı: Rusiyanın boşalan yerini kimin dolduracağına o qərar verəcək

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlıları barədə açıqlaması sayəsində İrəvan Moskva ilə arasındakı körpüləri bir qədər də laxlatdı. İrəvanın son addımları eləcə də regiona bu fonda edilən səfərlər Paşinyanın niyə bu qədər cəsarətləndiyini deməyə imkan verir. Belə ki, bu müddət ərzində İrəvanı həm ABŞ-ın Cənubi Qafqaz üzrə nümayəndəsi Filip Riker, həm də Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur ziyarət etmişdi ki, onların da İrəvanda Paşinyana hansısa vədlər verdiyini təxmin etmək olar. Nə qədər təsadüf olsa məhz Rikerin səfərindən sonra Paşinyan administrasiyasının Qərbyönlü bəyanatları artmış, eləcə də hökumətin nəzarətindəki media qurumlarının Moskva əleyhinə təbliğatı sürətlənməyə başlamışdı. Bu isə müəyyən şübhəli məqamlara aydınlıq gətirməyə imkan verir.

Əslində Paşinyanın xarakterinə nəzər yetirsək, onun xüsusilə Moskva ilə münasibətlərdə həddən artıq ehtiyatlı davrandığını görə bilərik. Ən azından 2018-ci ildən bu yana Paşinyan dəfələrlə Moskvaya qarşı açıq ittihamlardan yayınıb ki, sonuncu Soçi görüşü ona bu mövqeyini dəyişmək üçün leqal əsaslar vermiş oldu. Bu əsaslar isə öz növbəsində Laçın yolunda gerçəkləşən ekoloqların mitinqi sayəsində daha da gücləndi ki, bundan da Paşinyan maksimum yararlanır. Yəni faktiki olaraq II Qarabağ müharibəsindən sonra Ermənistanda Rusiyanın təsirinin zəiflədilməsi ilə bağlı prosesin ən önəmli üçüncü mərhələsi gerçəkləşdirilir. Əgər birinci mərhələdə Paşinyanın Rusiyanın onun üçün təhdid yaradacaq institutları və şəxsləri nəzarət altına almağa çalışırdısa, Soçi görüşünün bitməsi ilə başlayan ikinci mərhələdə erməni baş nazir Moskvanın dayaqlarının zəiflədilməsi üçün ideoloji əsaslara zərbələr endirmiş oldu. Hər iki mərhələdə müəyyən irəliləyişə nail olan Paşinyan, görünür, III mərhələdə Rusiyanın Ermənistandakı nüfuzunu tam məhv etməyi planlaşdırır.

Paşinyan yaxşı başa düşür ki, Moskvanın Qarabağda çətin duruma düşməsi onun İrəvanda da əlini zəiflədir. Bu isə Ermənistan rəhbərliyi üçün mühüm fürsətdir. Ona görə də sülhməramlılarla bağlı çıxış edən Paşinyan indiki dönəmdə Laçın yolunda çətinləşmiş situasiyada bir növ həm də katalizator rolunu oynayır ki, bunu da Rusiyaya qarşı ağır zərbə kimi anlamaq olar. Ən azından Kremlin emissarları tərəfindən son bir həftədə verilən bəyanatlar, eləcə də xarici işlər naziri Sergey Lavrovun fikirləri də Moskvanın məhz bu həmlədən narahatlıq keçirdiyini göstərir.

İlham Əliyevin Böyük Qafqaz planı: Rusiyanın boşalan yerini kimin dolduracağına o qərar verəcək

İrəvanın planına əsasən, bu həmlədən sonra Moskvanın Ermənistan daxilində üçüncü güc yaratmaq niyyətini müəyyən qədər əngəlləmək imkanı yaranacaq. Faktiki olaraq, söylədiyi fikirlə Ermənistan rəhbərliyi Rusiyanı Qarabağ məsələsində yalnız qoyur ki, bu da Moskvanın manevr qabiliyyətini zəiflədir. Nəticədə Azərbaycan qarşısında yalnız qalan Rusiya faktiki olaraq ən pis və pis arasında seçim etməli olacaq ki, bu da dolayısı yolla Vardanyandan Ermənistanda xilaskar düzəltmək planlarını təxirə salmış olur. Ediləcək hər seçim isə erməni baş naziri Rusiyaya qarşı ölkə daxilində rıçaqlarını artıracaq. Nəticədə Paşinyan ictimaiyyətə İrəvanın yalnız qaldığı və Moskvanın belə onu qoruya bilmədiyi görüntüsünü formalaşdırmaq üçün zəmin yaratmış olacaq. Bu isə öz növbəsində KTMT sayəsində Moskvaya qarşı ittihamlarını artıran İrəvana daha effektiv təbliğat alətləri verəcək ki, bundan da Paşinyan maksimum yararlanmağa çalışacaq. Bir sözlə, Paşinyan ediləcək güzəştlərə görə bütün məsuliyyəti Rusiyanın sülhməramlı missiyasının yarıtmazlığı üzərinə atıb, öz hakimiyyətini daha gücləndirməyə cəhd edəcək.

Məhz bu fonda izlənməli olan əsas istiqamət isə Bakının qurduğu oyundur. Görünür, İrəvan bu oyunu yaxşı başa düşdüyü üçün fəaliyyətlərini ona uyğun şəkildə koordinasiya etmək istəyir. Belə bir oyundan isə gələcəkdə ağır nəticələrlə üzləşmədən çıxmaq hələ ki mümkün deyil. Ona görə də Rusiyanın Qarabağda edəcəyi istənilən güzəşt dolayısı yolla II Qarabağ müharibəsindən sonra Ermənistanın silkələnməyə başladığı ideoloji dayaqlarına ən böyük zərbə olacaq. Bu isə formalaşmasında Moskvanın da yaxından iştirak etdiyi 200 illik ənənəvi xəttin yenilənməsi mənasına gəlir. Yəni əvvəllər ermənilər üçün əsas “qoruyucu mələk” olan Rusiya faktoru artıq öz əhəmiyyətini itirir. Bu, əhali arasında depressiyanı və boşluğu gücləndirəcək. Üstəlik, yaranan böhran Daşnaksütyun ideyalarının əsas qoruyucusu sayılan və Ermənistan cəmiyyətində hələ də öz mövcudluğunu qoruyub saxlayan diasporanın da İrəvana təsir imkanlarını azaldacaq. Onun yerini isə yenicə formalaşmağa başlamış digər ifratçı qruplar tuta bilər ki, onların daşnak ideologiyası qədər yetərli bazası yoxdur. Ən azından diasporanın zəifləyən təsiri Ermənistan hakimiyyəti üçün də sərfəli məqamlar yaradacaq ki, bu işə də hökumətdə institutsional formada yanaşırlar. Mövcud administrasiya rəhbər vəzifələrdə  özəlliklə Qaragen Njde əleyhdarlarına yer verir ki, təhsil naziri  vəzifəsinə Janna Andreasyanın gətirilməsi, eləcə də keçmiş səhiyyə naziri Arsen Torosyanın hakimiyyət daxilində nüfuzunu  hələ də qoruyub saxlamağa izn verilməsi buna ən böyük sübut ola bilər. Dolayısı yolla, Paşinyan həm də Ermənistanda son 30 ildə dövlətin əsas xəttini təşkil edən “Ermənistan-Diaspora-Qarabağ” triadasını dağıtmış olur. Baş verənlər Nikola sərf edir. Faktiki olaraq kənar heç bir təsir olmadan mərkəzi hakimiyyətin tam olaraq vahid əldə toplaşaraq güclənməsi üçün imkan yaradır. Bu isə öz növbəsində müxalifətin irəli sürdüyü “Bolton planı”nın reallaşdırılması (2018-ci ildə İrəvanı ziyarət edən o zamankı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistandan Qarabağla bağlı şərtləri yerinə yetirməyi və özünün ənənəvi streotiplərindən əl çəkməyə çağırışlar etmişdi. ABŞ öz tarixində ilk dəfə Ermənistana belə çağırış etmişdi – İ.H.) anlamına gəlir. “Bolton planı” bütün hallarda Bakıya sərf etsə də uzun müddətli perspektivdə ölkə üçün yeni risklər yaratmaq şanslarını özündə saxlayır.

Yuxarıda qeyd edilənlər Paşinyana həm də Qarabağ məsələsindən tam çıxması üçün leqal əsaslar yaratmış olacaq. Yəni məsuliyyəti Moskvanın üzərinə atan Paşinyan dolayısı yolla Rusiyadan uzaqlaşmaq yolunu tutur ki, bu da faktiki olaraq məhz Kremlin 90-cı illərdə formalaşdırdığı geosiyasi reallıqdan tam imtina mənasına gəlir. Müxalifətin də israrlı olaraq bu məqamı vurğulaması əbəs yerə deyil. Çünki Rusiyadan uzaqlaşmaq hazırda masada Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı mövcud olan iki plandan birindən, yəni Rusiyanın təklifindən imtina etmək mənasına gəlir. Bu isə geriyə yalnız Bakının təklif etdiyi layihəni buraxır ki, İrəvanın da cari ildəki davranışları müəyyən korrektələrlə bu planı qəbul etməkdə maraqlı olduğunu deməyə əsas verir. Ermənistanın belə davranışları isə əbəs yerə deyil. Belə ki, Paşinyan nə qədər populist kimi tanınsa da illərdir müxalifətdə qalması onu bir o qədər də realist edib. Yəni Ermənistan baş naziri də Rusiya ilə bağlı gedən prosesləri yaxşı başa düşür. Üstəlik, o, müttəfiqinin blokadası fonunda onunla birgə Qərbin hədəfinə tuş gəlmək istəmir. Digər tərəfdən, bu yolu seçəcəyi halda Paşinyan Azərbaycanla danışıqları uzatmaq məcburiyyətində qalacağını bilir ki, Bakının da yaşanacaqlar fonunda hərbi gücdən istifadə etməyəcəyinə heç kim zəmanət vermir. Rusiyanın belə vəziyyətdə aktiv fəaliyyət aparmayacağını Paşinyan dərk etdiyi üçün Kremlə güvənmək niyyətində olmadığını nümayiş etdirir. Həmçinin Qərb də Avropa Birliyinin missiyasının vaxtını uzatmamasını Paşinyan yaşana biləcək istənilən savaşda yalnız qalacağı kimi dəyərləndirir ki, bu da onun hakimiyyəti üçün təhdid yaradır. Ona görə də Moskvanı hədəf göstərən Paşinyan təkcə yeni savaşdan siğortalanmır, həm də hakimiyyətini qorumaq üçün mühüm imkanlar əldə edir. Ən azından Əliyevin Zəngəzurla bağlı son açıqlaması da erməni liderə əhali arasında aktiv təbliğat aparıb onu seçim qarşısında qoymaq üçün əlverişli şərait yaradır. Ona görə də addımlarını Bakının həmlələri ilə koordinasiya etməyə çalışan İrəvan dolayısı yolla Qarabağ daxilində də paralel formada çalxalanmanı gücləndirir ki, bu da onun mövqelərini Ermənistan daxilində möhkəmləndirir. Buna əsas sübut isə Qarabağ daxilində Vardanyana qarşı xüsusi müxalif kəsimin yaradılması (Tiqran Petrosyanın rəhbərliyi altında mitinqlərin təşkili və çıxışlar – İ.H.) göstərilə bilər.

İlham Əliyevin Böyük Qafqaz planı: Rusiyanın boşalan yerini kimin dolduracağına o qərar verəcək

Məhz bu fonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvadakı üçtərəfli görüşü ziyarət etməkdən imtina etməsi Ermənistan üçün nə qədər yanlış addım sayılsa da bir o qədər Paşinyan üçün qısa müddətli perspektiv üçün yaxşı gedişdir. Bakı isə məhz bu gedişin bəhrələrindən yararlanmağa səy göstərir. Faktiki olaraq Ermənistan bu addımı sayəsində ilk dəfə Bakı ilə Moskvanı konfliktin əsl tərəfləri kimi masaya əyləşməyə və məhz yalnız Azərbaycanın istəyi üzərinə danışmağa imkan yaratdı. Bundan da Azərbaycan maksimum şəkildə yararlanmağa çalışır. Digər tərəfdən, mövcud vəziyyət Rusiyaya yalnız Bakının şərtləri əsasında seçimlər etməyə imkan yaradır ki, bu da dolayısı yolla Moskvanı Qafqazla bağlı situasiyada Əliyevin növbəti həmlələrindən asılı edir. Yəni Moskvanın Cənubi Qafqazda qalıb-qalmayacağını Xankəndidə Rusiyanın edəcəyi güzəştlər yox, Bakıda tələblərin miqyasının nə qədər böyüyəcəyi müəyyən edəcək. Doğrudur, tam realist yanaşmanın tərəfdarı Prezident Əliyev hələ də Moskvanı effektiv güc olaraq görür və onu birbaşa qarşısına almağı hədəfləmir. Bu da Bakının Rusiya ilə bağlı hələlik müəyyən güzəştlərin (təbii ki Qarabağdan kənarda) nəzərdə keçirəcəyini ehtimal etməyə əsas verir. Rəsmi Bakı Rusiyanı bölgədən uzaqlaşdırmaq üçün radikal dəyişikliklər yerinə, mərhələli forma həyata keçirmək xətti seçir. Bir sözlə, Azərbaycan regionda əsas təhlükə yaradan ölkələrdən birindən xilas olan dövlət yerinə, daha çox regional güc üzərinə oynayır. Dolayı yolla Bakı Rusiyadan tam xilas olub, ondan qalan boşluğun tam olaraq Qərb tərəfindən doldurulub, yeni təhdidin yaranmasını istəmir. Əvəzində yaranan boşluqlarda kimə yerin verilməsini özü müəyyən edərək, onu heç kim dominant olmayacağı formada doldurmasına çalışır. Bölgədə yeni nizam formalaşdırılır ki, orada da Qərbin liderliyi yerinə onun hesablaşacağı yeni format (hətta yeni alyans) müəyyənləşdirilir. Paşinyanın məhz son çıxışları da bu sistemin yaradılması üçün Əliyevin şanslarını ikiqat artırır.

İlkin Həsənov
Globalinfo.az