erdogan zerite

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışı geniş müzakirələrə səbəb olub. Belə ki, o, Türkiyə ərazisinin hazırkı Türkiyədən daha böyük olduğunu bildirib: “Biz millət olaraq üfüqlərimizi 782 min kvadrat kilometrlə məhdudlaşdıra bilmərik”. Bildirilir ki, Ərdoğanın nəzərdə tutduğu ərazilər Osmanlı torpağı olub.

Xatırladaq ki, bundan öncə də Ərdoğan oxşar bəyanat səsləndirmişdi. O, çıxışlarından birində belə demişdi: “Birinci Dünya müharibəsindən sonra şərtlər fərqli olsaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka bizim olacaqdı”.

Ərdoğanın bu açıqlaması Türkiyənin öz ərazisini böyütməyi hədəfləməsi kimi yozula bilərmi?

Globalinfo.az-a danışan “Ekodünya” Ekoloji və Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasi şərhçi Əziz Əlibəyli deyib ki, bəzi dövlətlərin xarici siyasət paradiqmaları nüfuz dairəsinə qədər nəzərdə tutlur:

“Məsələn, tutaq ki, Azərbaycan bu siyasəti tətbiq edərsə, Gürcüstan, İran, İraq, Suriya, Rusiya və Türkiyədəki azərbaycanlılar xarici siyasətin maraq dairəsinə daxil olur. Yəni xarici siyasət bunun üzərindən şəkillənir.

Eziz Elibeyli

Əziz Əlibəyli

Türkiyədə isə vəziyyət bu formadadır. Osmanlı imperiyasının davamçısıdır. Afrika, Asiya və Avropada keçmişə bağlı olan, ciddi faktorlara əsaslanan kimliyi var. Bu kimliyin arxasınca gedir”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyəyə etnik şəkildə bağlı olan şəxslərin qorunması məsələsi baxımından Türkiyə həmin ərazilərdə olmalıdır:

“İctimai rəy, vətəndaş çoxluğu Türkiyənin yanındadır. Rəsmi Ankara bunu nə vaxtsa öz xeyirinə istifadə edə bilər. Digər tərəfdən bu coğrafiyalar qeyri-sabitdir. Faktiki qonşu dövlət anlayışını əvəz edən müxtəlif formatlı nüfuz təşkilatları, qruplar var. Toplumlar vahid hakimiyyətlə vətəndaş münasibətində olmadığından qrupların Türkiyə ilə münasibəti ön plana çıxır. Burada dövlət deyil, qrup adına əməkdaşlıq edən tərəflərin olması təbiidir. Bu proseslər onu deməyə əsas verir ki, Türkiyənin maraqları normal qarşılanmalıdır. Beynəlxalq hüquqla əsaslandırmağa ehtiyac varsa, buna qanuni əsaslar tapmaq da mümkündür. Həqiqətən, Türkiyənin ərazisinin konkret rəqəmlə məhdudlaşdırılması yanlış yanaşmadır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: